“Fikrim həmişə “Barselona”ya qayıtmaq və karyeramı orada bitirmək olub”.
İdman.biz xəbər verir ki, argentinalı ulduz futbolçu Lionel Messi bunu məşhur “L'Equipe” nəşrinə verdiyi müsahibədə deyib.
O, Xavi Ernandesin məşqçiliyini bəyəndiyini, “Barselona”nı hələ də izlədiyini bildirib. Messinin sözlərinə görə, baş məşqçi dəyişikliyindən sonra komanda yaxşı inkişaf edib: “Xavi mükəmməl istedada malik gənc oyunçuları və Robert Levandovski kimi təcrübəli oyunçuları bir araya toplayıb. Gənclər əla səviyyədədir. Onlar şansı olan yaxşı komandadırlar. Bu il bütün çempionatlarda rəqabət apara biləcək bir komanda görürəm".
“İnter Mayami”nin futbolçusu Argentinanın dünya çempionluğundan danışıb. O bildirib ki, kuboku başı üzərinə qaldırdıqda ağlından minlərlə fikir keçib: “Həyatım boyunca bu xəyal üçün döyüşmüşəm. Bu, xəyalım idi, eyni zamanda, ailəm, dostlarım və bütün Argentina bunu istəyirdi. Özümə də dedim ki, budur hər şeyi qazandım. Səhnədə dünya kubokunu görəndə onun bizim olduğuna inanmadım. İlk dəfə ona toxunmaq şansım oldu və öpmək istədim”.
Messi DÇ-2026 ilə bağlı qərar vermədiyini vurğulayıb. O vurğulayıb ki, həmin zaman yaşına görə çətin olacaq, amma hər şeyə zaman aydınlıq gətirəcək.
Leo möhtəşəm karyerasına görə çox xoşbəxt olduğunu da deyib: "Uzun illər Avropada oynadım və xəyal etdiyim hər şeyi qazandım. ABŞ-a gəlməklə yeni addım atdım. Bir daha Avropada oynamaq üçün geri dönəcəyimi düşünmürəm”.
Qeyd edək ki, Messi “Qızıl top” mükafatını bu ay 8-ci dəfə qazanıb.
İdman.biz