“Seltik”in baş məşqçisi: “Kamilo Duransız hücumumuz təhlükəli deyil”

10 Sentyabr 2026 11:33
87
“Seltik”in baş məşqçisi: “Kamilo Duransız hücumumuz təhlükəli deyil”

Futbol üzrə Şotlandiya çempionatında “Seltik”in baş məşqçisi Martin O’Nil “Qarabağ”ın keçmiş hücumçusu Kamilo Duranın komanda üçün əhəmiyyətindən danışıb.

İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis “Sent Conston”la səfər matçında kolumbiyalı hücumçunu ehtiyatda saxlayıb.

“Seltik” görüşdə Mika Baurun qolu ilə 1:0 hesablı qələbə qazanıb. O’Nil matçdan sonra etiraf edib ki, Duran meydanda olmayanda komanda hücumda əvvəlki qədər təhlükəli görünmür.

Baş məşqçi 24 yaşlı futbolçunu qarşıdakı “Reyncers”lə kubok derbisini nəzərə alaraq qoruduğunu bildirib.

Duran son oyunlarda “Seltik”in hücum xəttində əsas fiqurlardan birinə çevrilib. Kasper Högh zədəli olduğu müddətdə mərkəz hücumçusu kimi çıxış edən kolumbiyalı üç qol vurub və “Sent Mirren”lə görüşdə qələbə qolunun ötürməsini verib.

O’Nil daha əvvəl Duranın “Seltik”ə keçidindən qısa müddət sonra transfer xərcini artıq doğrultduğunu da bildirmişdi. Kolumbiyalı yayda “Qarabağ”dan transfer olunub.

Qeyd edək ki, “Seltik” “Reyncers”lə 13 sentyabrda Şotlandiya Liqa Kubokunun 1/4 finalında qarşılaşacaq.

İdman.Biz