Bundesliqa: “Hoffenhaym”dan “Bayer”ə son dəqiqələrdə üç qol

25 Oktyabr 2026 20:39
105
Bundesliqa: “Hoffenhaym”dan “Bayer”ə son dəqiqələrdə üç qol

Almaniya Bundesliqasının yeddinci turunda “Hoffenhaym” doğma meydanda Leverkuzen “Bayer”ini 3:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, Zinsxaymdakı “PreZero Arena”da keçirilən qarşılaşmanı baş hakim Daniel Zibert idarə edib.

İlk hissədə komandaların səylərinə baxmayaraq, hesab açılmayıb. Fasilədən sonra da uzun müddət qolsuz davam edən görüşdə meydan sahibləri 79-cu dəqiqədə üstünlük əldə ediblər. Andrey Kramariç penalti zərbəsini dəqiq yerinə yetirərək “Hoffenhaym”ı önə çıxarıb.

90-cı dəqiqədə Aleksander Prass fərqi iki topa çatdırıb. Lakin avstriyalı yarımmüdafiəçi cəmi bir dəqiqə sonra ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb.

Azlıqda qalmasına baxmayaraq, “Hoffenhaym” daha bir qol vurmağı bacarıb. Əlavə olunmuş vaxtın altıncı dəqiqəsində Maks Mörştedt Kramariçin ötürməsindən yararlanaraq yekun nəticəni müəyyənləşdirib - 3:0.

Beləliklə, “Hoffenhaym” Bundesliqada üçüncü qələbəsini qazanaraq xal ehtiyatını doqquza çatdırıb və turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. “Bayer” isə 13 xalla dördüncü yerdədir.

İdman.Biz