Premyer Liqa: “Mançester Yunayted” doğma meydanda darmadağın oldu, “Liverpul” qələbə qazandı - YENİLƏNİR +VİDEO

25 Oktyabr 2026 20:02
119
Premyer Liqa: “Mançester Yunayted” doğma meydanda darmadağın oldu, “Liverpul” qələbə qazandı - YENİLƏNİR +VİDEO

İngiltərə Premyer Liqasının səkkizinci turunda “Mançester Yunayted” doğma meydanda “Bornmut”a 0:3 hesabı ilə məğlub olub.

İdman.Biz xəbər verir ki, Mançesterdəki “Old Trafford” stadionunda keçirilən qarşılaşmanı 76 212 tamaşaçı izləyib. Görüşün baş hakimi Carred Cillett olub.

Qonaqlar 38-ci dəqiqədə hesabı açıblar. Castin Klyuvertin ötürməsindən sonra braziliyalı Rayan fərqlənib. Cəmi beş dəqiqə sonra Markus Tavernye Adrien Trüfferin məhsuldar ötürməsini qola çevirərək “Bornmut”un üstünlüyünü artırıb.

Fasilədən sonra da meydan sahibləri hesab arasındakı fərqi azalda bilməyiblər. Əksinə, 71-ci dəqiqədə Luis Kukun ötürməsindən sonra Evanilson üçüncü qolu vuraraq matçın yekun nəticəsini müəyyənləşdirib - 0:3.

Beləliklə, “Mançester Yunayted”in uğursuz çıxışı davam edib. Maykl Karrikin rəhbərlik etdiyi komanda Premyer Liqada keçirdiyi səkkiz oyunda cəmi bir qələbə qazanıb.

Bu nəticədən sonra “Mançester Yunayted” yeddi xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. “Bornmut” isə xalını doqquza çatdıraraq 13-cü yerə yüksəlib.

Qeyd edək ki, “Bornmut” 2023-cü və 2024-cü illərdə də “Old Trafford”da “Mançester Yunayted”i eyni hesabla - 3:0 məğlub edib.

Paralel keçirilən digər matçda “Liverpul” öz meydanında “Brayton”u 2:0 hesabı ilə məğlub edib. Mersisaydlılar 17-ci dəqiqədə Paskal Qrossun avtoqolu ilə önə keçiblər. Dörd dəqiqə sonra Aleksander İsak fərqi artırıb.

Bu qələbədən sonra “Liverpul” 15 xalla dördüncü pilləyə yüksəlib. “Brayton” isə 16 xalla üçüncü yerdə qərarlaşıb.

Londonda keçirilən “Kristal Palas” - “Nyukasl” qarşılaşması da qonaqların qələbəsi ilə yekunlaşıb - 0:2.

İlk hissədə üstünlük meydan sahiblərinin tərəfində olsa da, hesab fasilədən sonra açılıb. 46-cı dəqiqədə Uilyam Osula fərqlənib. Daha sonra Co Uillokun qolu ofsayd səbəbindən qeydə alınmayıb. 58-ci dəqiqədə Harvi Barns ikinci qolu vuraraq yekun nəticəni müəyyənləşdirib.

Ardıcıl iki məğlubiyyətdən sonra qalib gələn “Nyukasl” 11 xalla yeddinci pilləyə yüksəlib. “Kristal Palas” isə yeddi xalla 17-ci yerdədir.

Günün digər oyununda “Hall Siti” “Brentford”la xalları bölüşüb - 1:1.

Meydan sahiblərindən Oli Makbörni ilk hissədə penaltini dəqiq yerinə yetirib. İkinci yarıda Danqo Uattara hesabı bərabərləşdirib.

Bu nəticədən sonra “Brentford” 11 xalla altıncı, “Hall Siti” isə 10 xalla 10-cu pillədə qərarlaşıb.

İdman.Biz