“Sabah” komandasının baş məşqçisinin və futbolçularının “Mançester Yunayted”lə oyundan əvvəl inamlı və istəkli olması sevindiricidir”.
Bu barədə Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov deyib.
37 yaşlı keçmiş yarımmüdafiəçi tərəflər arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin birinci turunda İngiltərədə baş tutacaq matçla bağlı fikirlərini bölüşüb.
“Sabah” ağır səfər oyununa çıxacaq. Qarşılaşmadan əvvəl açıqlamalara baxdım. Baş məşqçi və futbolçular inamlı, istəklidirlər. Bu da sevindirici haldır. Bunu meydanda da davam etdirə bilsələr, uğura imza ata bilərlər. “Old Trafford” stadionunda oynamaq da asan olmayacaq. Rəqibin baş məşqçisini yeni hesab etmək olar. Yaxşı transferlər də ediblər. Nəticə necə olsa da, “Sabah” artıq böyük uğura imza atıb və Liqa mərhələsindədir. Səfərdən 1 xalla qayıtsalar, möhtəşəm və tarixi nəticə olacaq. Bəlkə də inandırıcı səslənmir, amma ən azı bu nəticəni arzulayırıq”, - deyə o report.az-a açıqlamasında söyləyib.
Ə.İsmayılov Azərbaycan çempionunun qitənin bir nömrəli klub turnirində əsas mərhələsinə yüksəlməsinin ölkə futbolu adına da böyük uğur olduğunu vurğulayıb:
“Hamımız bu nailiyyətə sevindik və onlara uğurlar arzulayırıq. Çətin rəqiblərlə üz-üzə gələcəklər. Bunu gözləmək olardı. Çünki komanda sonuncu səbətdə idi. Daha çətin rəqiblər də ola bilərdi”.
Xatırladaq ki, “Mançester Yunayted” - “Sabah” oyunu bu gün, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
