“Vurduğum üç qol mənə böyük özgüvən verdi. Milli komandadan dəvət gözləyirəm və buna tam hazıram”.
Bu sözləri Kosovonun “Malişeva” klubunun azərbaycanlı hücumçusu Vüsal İsgəndərli çempionatın dördüncü turunda “Qjilani”yə 3:1 hesabı ilə qalib gəldikləri oyunda het-trik etdikdən sonra verdiyi açıqlamada deyib.
Təcrübəli futbolçu matçla bağlı təəssüratlarını və baş məşqçinin ona olan inamını vurğulayıb.
“Görüşün çox çətin keçəcəyini öncədən bilirdik. Rəqibimiz yaxşı komandadır və onların da məqsədi çempionluqdur. Oyundan əvvəl qol vuracağımı hiss edirdim. Avrokuboklarda “Hibernian”la matçda zədələnsəm də, artıq tam bərpa olunmuşam və özümü çox yaxşı hiss edirəm. Şükürlər olsun ki, qollarımı vurdum. Het-trik etmək mənə böyük özgüvən verdi. Baş məşqçimiz ilk gəldiyim gündən mənə çox güvənir, mənimlə tez-tez həmsöhbət olur. Biz birlikdə çempion ola biləcəyimizə inanırıq. Məşqçinin futbolçuya olan inamı onun meydandakı performansında böyük rol oynayır”, - deyə o sportal.az-a açıqlamasında söyləyib.
V.İsgəndərli Azərbaycan milli komandasına dəvət almaq şansından da söz açıb:
“Yığmaya dəvət ediləcəyimə çox inanıram. Milli komandanın məşqçisi Vüqar Mustafayev oyunlarımla maraqlanır, mənimlə daimi əlaqə saxlayır və ben də ona lazımi məlumatları ötürürəm. Əlbəttə ki, yığmadan dəvət gözləyirəm. Hazırda özümü çox yaxşı formada hiss edirəm və milli komandaya kömək etməyə hazıram”.
Qeyd edək ki, Vüsal İsgəndərlinin het-trik etdiyi matçda “Malişeva” “Qjilani”ni 3:1 hesabı ilə məğlub edərək növbəti üç xalını qazanıb.
