“Kamp Nou”da jurnalistlər yağış altında qaldı - VİDEO

10 Sentyabr 2026 13:52
78
“Kamp Nou”da jurnalistlər yağış altında qaldı - VİDEO

Ötən gün İspaniya “Barselona” futbol klubu Çempionlar Liqasına Niderland “Feynord”u üzərində inamlı qələbə ilə başlayıb - 5:1.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın ilk hissəsi güclü leysan yağışı ilə müşayiət olunub.

Oyundan sonra “Kamp Nou”nun mətbuat üçün ayrılan lojasından görüntülər yayılıb. Güclü yağış səbəbindən bəzi jurnalistlər matçı ayaqüstə izləməli olublar. Belə ki, stadionun damından su sızıb və jurnalistlərin oturduğu yerə su tökülüb.

Görüntülər təəccüb doğurub. Çünki “Barselona” 2023-cü ilin yayında başlayan yenidənqurma işlərindən sonra bir ildən az müddət əvvəl doğma stadionuna qayıdıb. Hazırda arenada tutumla bağlı müəyyən məhdudiyyətlər olsa da, mətbuat zonasının yerləşdiyi mərkəzi tribuna bundan kənardır və tam istifadəyə açıqdır.

Qeyd edək ki, “Kamp Nou”nun tam yenidən qurulması “Barselona”ya ümumilikdə 1,45 milyard avroya başa gələcək. Güclü yağışın yaratdığı problem isə stadionun damında hələ də görüləsi işlərin qaldığını göstərib.

İdman.Biz