İnfantino 2027 seçkisi öncəsi FIFA-da strukturu dəyişir

10 Sentyabr 2026 13:36
69
İnfantino 2027 seçkisi öncəsi FIFA-da strukturu dəyişir

Futbol üzrə ali qurum FIFA-da 2027-ci il prezident seçkisi ərəfəsində struktur dəyişiklikləri həyata keçirilir.

İdman.Biz xəbər verir ki, FIFA prezidenti Canni İnfantino 18 mart 2027-ci ildə Mərakeşin Rabat şəhərində keçiriləcək seçkidə dördüncü və sonuncu müddət üçün namizədliyini irəli sürməyə hazırlaşır.

“RMC Sport”un məlumatına görə, İnfantinonun mövqeyi yay aylarında dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl şirkətlərə vermək planına görə zəifləyib. Layihə baş tutmayıb və UEFA, CONCACAF və AFC rəhbərliyi FIFA prezidentinə qarşı mövqelərini açıq şəkildə ifadə edib.

Fransa Futbol Federasiyasının da İnfantinoya dəstəyini geri çəkməyə hazırlaşdığı bildirilir.

Bu fonda FIFA daxilində yeni təyinat diqqət çəkib. “The Guardian”ın məlumatına görə, “Renn”in sabiq futbolçusu Gelson Fernandes Karib ölkələri üzrə üzv assosiasiyaların direktoru təyin olunub.

40 yaşlı sabiq yarımmüdafiəçi bununla yanaşı, FIFA-nın Afrika üzrə üzv assosiasiyalarına cavabdeh vəzifəsini də davam etdirəcək.

İnfantinonun əleyhdarları hesab edirlər ki, Fernandesin yeni təyinatı CONCACAF daxilində Karib ölkələrinin ayrıca idarə olunmasına şərait yaradır. CONCACAF Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi ölkələrini vahid konfederasiyada birləşdirir.

Bu dəyişiklik xüsusilə CONCACAF prezidenti Viktor Montalyaninin İnfantinoya qarşı açıq mövqe tutması fonunda diqqət çəkir. Montalyani FIFA prezident seçkisində İnfantinonun mümkün rəqiblərindən biri hesab olunur.

İdman.Biz