Luis Enrike Yamalı necə dayandıracaqlarını açıqladı - Messini də unutmadı

19 Oktyabr 2026 19:36
116
Luis Enrike Yamalı necə dayandıracaqlarını açıqladı - Messini də unutmadı

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının liqa mərhələsinin üçüncü turunda “Barselona” ilə keçiriləcək oyun ərəfəsində rəqibin futbolçusu Lamin Yamalı zərərsizləşdirməyin ən yaxşı yolunu açıqlayıb.

İdman.Biz “RMC Sport”a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bunun üçün əsas silahlarının topa nəzarət olacağını vurğulayıb:

“Lamin Yamala qarşı mübarizə aparmağın ən yaxşı yolu topa sahib olmaqdır. Bu, bizim üçün ideal ssenaridir. Amma bilirik ki, bütün oyun ərzində bunu etmək mümkün deyil, çünki “Barselona”ya qarşı oynamaq çox çətindir. Buna baxmayaraq, diqqətimizi və sayıqlığımızı qoruyuruq. Bu çətinliyin öhdəsindən komanda şəklində gəlməliyik”.

Enrike Yamalın Lionel Messi ilə müqayisəsinə də münasibət bildirib:

“Lamin oyununun bütün aspektlərini təkmilləşdirir. Amma onu bütün dövrlərin ən yaxşı futbolçusu olan Lionel Messi ilə müqayisə etməyin mənası yoxdur. Bu, heç kimə fayda verməyəcək.

Yamal çox ağıllıdır və özünün ən yaxşı versiyasına çevrilmək istəyir. Lakin onu Messi ilə müqayisə etməmək daha yaxşıdır”.

Qeyd edək ki, PSJ – “Barselona” qarşılaşması oktyabrın 20-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman.Biz