Dambrauskas “Belə oyunlarda kiçik detallar böyük əhəmiyyət daşıyır” - VİDEO

19 Oktyabr 2026 20:18
139
Dambrauskas “Belə oyunlarda kiçik detallar böyük əhəmiyyət daşıyır”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının liqa mərhələsində Dortmund “Borussiya”sına qarşı keçiriləcək oyundan əvvəl komandasının hazırlığı, heyət seçimi və azarkeş dəstəyi barədə danışıb.

İdman.Biz xəbər verir ki, litvalı mütəxəssis matçöncəsi mətbuat konfransında rəqibin son iki qarşılaşmada qol vura bilməməsinin Almaniya təmsilçisinə əlavə motivasiya verə biləcəyini vurğulayıb.

“Bu, bizim üçün yaxşı xəbər deyil. Düz vurğuladınız ki, sabahkı oyuna daha çox fokuslanacaqlar və qol vurmaq üçün əllərindən gələni edəcəklər. Amma mən öz komandama inanıram. “Borussiya” Almaniyanın, dünyanın ən böyük klublarından biridir. Onların çox yaxşı baş məşqçiləri var. Olduqca çətin oyun olacağını gözləyirik. Çempionlar Liqasında hər oyun bizə təcrübə, dərs verir. Sabah da çox şey öyrənəcəyik. “Borussiya” eyni zamanda çox yüksək səviyyədə pressinq edən komandadır. Qarşımızda çox böyük çətinliklər dayanır. Çempionlar Liqasında asan oyun olmur. Sabahkı matçı səbirsizliklə gözləyirəm”.

Dambrauskas Xəyal Əliyevin qarşıdakı görüşdə iştirak etmək imkanına da münasibət bildirib:

“İnanıram ki, hazırdır. Bizim 20-dən çox oyunçumuz var. Hamısı oynamağa hazırdır. Bugünkü məşqdən sonra heyətlə bağlı qərar verəcəyik”.

Baş məşqçi Bakı Olimpiya Stadionunda tribunaların dolu olmasının komandasına əlavə enerji verəcəyini düşünür. Bununla belə, o, qələbə ehtimalından daha çox futbolçularının meydandakı çıxışına diqqət yetirdiyini qeyd edib:

“Əlbəttə ki, dolu tribunaların qarşısında oynamaq bizim üçün xoşdur. Azarkeşlər əllərindən gələni edirlər, bizə enerjilərini ötürürlər. Qələbə ehtimalı haqda danışmaq istəmirəm. Daha çox mənə komandamın performansı maraqlıdır. Kiçik detallar vacibdir. Əsas odur ki, diqqətli olaq”.

Qeyd edək ki, “Sabah” – “Borussiya” qarşılaşması oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 20:45-də başlayacaq.

İdman.Biz