“Mançester Yunayted” və PSJ-nin sabiq futbolçusu Ander Errera karyerasını davam etdirdiyi “Saraqosa”da faktiki olaraq ödənişsiz çıxış edir.
İdman.Biz AS-a istinadən xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi klubdan aldığı bütün maaşı “Saraqosa”nın fonduna köçürür.
İspaniyada futbolçuların həmkarlar ittifaqının tələblərinə əsasən, klub oyunçuya ildə minimum 25 min avro ödəməlidir. Errera isə qanunvericiliklə nəzərdə tutulan həmin məbləği özündə saxlamır.
Təcrübəli futbolçu qərarının səbəbini belə izah edib:
“Karyeramla və əvvəllər qazanc əldə edə bilməyimlə çox fəxr edirəm. Artıq pula ehtiyacım yoxdur. Böyüdüyüm şəhərə kömək etmək üçün “Saraqosa”da pulsuz oynamaq istəyirdim”.
Qeyd edək ki, ötən mövsüm Sequndanı 22-ci, sonuncu pillədə başa vuran “Saraqosa” üçüncü diviziona düşüb. Errera isə Argentinanın “Boka Xuniors” klubundan ayrıldıqdan sonra peşəkar karyerasına başladığı komandaya qayıdıb.
