“Real Madrid”in futbolçusu Ferlan Mendi ona məxsus itin yeniyetməyə hücum etməsi ilə bağlı məhkəmə qarşısına çıxacaq.
İdman.Biz “Sport.es”ə istinadən xəbər verir ki, Madrid Cinayət Məhkəməsi fransalı müdafiəçi ilə bağlı məhkəmə prosesinin dekabrın 21-də başlamasını qərara alıb.
Hadisə 2023-cü il yanvarın dördündə baş verib. Həmin gün futbolçuya məxsus dörd it nəzarətsiz şəkildə onun həyətindən çıxıb.
İş materiallarına əsasən, itlərdən biri 17 yaşlı yeniyetməni ayağından dişləyib. Heyvan daha iki itə də hücum edib. Onlardan biri o qədər ağır xəsarət alıb ki, sonradan evtanaziya (heyvanın əziyyətlərinə son qoymaq üçün ağrısız şəkildə həyatına son verilməsi) edilməli olub.
Mendi bədən xəsarəti yetirilməsi ilə bağlı hüquq pozuntusunda ittiham olunur.
Məlumata görə, prokurorluq futbolçunun 1200 avro məbləğində cərimələnməsini, həmçinin zərərçəkənlərə ümumilikdə 5700 avro təzminat ödəməsini tələb edir.
İş üzrə yekun qərarı məhkəmə verəcək.
