Yap Stam “Mançester Yunayted” rəhbərliyinə səsləndi: Karrikin istefası çıxış yolu deyil

17 Oktyabr 2026 07:21
108
Yap Stam “Mançester Yunayted” rəhbərliyinə səsləndi: Karrikin istefası çıxış yolu deyil

“Mançester Yunayted”in sabiq futbolçusu Yap Stam komandanın baş məşqçisi Maykl Karrikin vəzifəsində saxlanılmasının vacibliyindən danışıb.

İdman.Biz “Flashscore”a istinadən xəbər verir ki, niderlandlı keçmiş müdafiəçi klub rəhbərliyinin ingiltərəli mütəxəssisə daha çox vaxt verməli olduğunu düşünür.

“Ser Aleks Ferqusonun komandanı çalışdırdığı dövrdə məşqçilərin kollektivlə işləmək, komanda qurmaq və nəticədə uğur qazanmaq üçün daha çox vaxtı olurdu.

İndiki dövrdə baş məşqçinin uzunmüddətli uğur əldə etmək üçün lazımi vaxtı tapması çox çətindir. “Mançester Yunayted”də artıq Mourinyo, Moyes, van Qal və ten Haq kimi böyük təcrübəyə malik məşqçilər çalışıblar. Onların hamısı yüksək səviyyədə təcrübəli olsalar da, uğur qazana bilməyiblər. Buna görə də təcrübəli mütəxəssis gətirməyin uğur üçün lazım olan ideya və həll yollarını təmin edəcəyinə zəmanət yoxdur.

Məncə, Maykl hələ də bu iş üçün doğru insandır. Komandaya futbolçularla yaxın münasibətdə olan şəxs lazımdır. O, oyunçuları və klubun mədəniyyətini tanıyır, rəhbərliklə yaxşı münasibətləri var. Klub rəhbərliyi də ona güvənir və vəziyyəti yoluna qoyması üçün vaxt verir.

Əlbəttə, bunun üçün onun planı olmalıdır. Yəqin ki, onlar bu məsələni, eləcə də transfer dövrlərinə necə yanaşmağı, müəyyən futbolçuları nə vaxt cəlb etməyi və bunun əsasında komandanı necə qurmağı müzakirə ediblər.

Hər zaman hansısa məşqçinin qarşıya qoyulan vəzifənin öhdəsindən gəlib-gəlməyəcəyini yalnız təxmin etmək olar. Amma Maykl ötən mövsüm bunu bacardığını sübut etdi. Əminəm ki, bu mövsüm də inkişaf edəcək və daha yaxşı nəticələr göstərəcək”, - deyə Stam bildirib.

Qeyd edək ki, “Mançester Yunayted” Premyer Liqanın altı turundan sonra turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

İdman.Biz