“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Ander Herrera futbolçu Pol Poqba ilə baş məşqçi Joze Mourinyo arasında İngiltərə klubunda yaşanan münaqişənin təfərrüatlarını açıqlayıb.
İdman.Biz xəbər verir ki, ispaniyalı futbolçu “Rio Ferdinand Presents” YouTube kanalına müsahibəsində tərəflər arasındakı münasibətlərin kəskinləşməsinin səbəblərindən birinin Poqbanın sosial şəbəkə paylaşımı ilə bağlı anlaşılmazlıq olduğunu bildirib.
“Bilmirəm, bu, xarakterlərin toqquşması idi, yoxsa Poqbanın transfer qiyməti və Mourinyonun gözləntiləri ilə bağlı məsələ. Ola bilsin, Joze Pola qarşı kifayət qədər səbirli deyildi. Amma hər iki tərəfin səylərinə baxmayaraq, münasibətləri alınmadı”, - deyə Herrera qeyd edib.
Onun sözlərinə görə, xüsusilə gərgin vəziyyət oyunlardan birindən sonra yaranıb. Portuqaliyalı mütəxəssis komanda hesabda geri olarkən Poqbanın sosial şəbəkədə paylaşım etdiyini düşünüb.
“Yadımdadır, bir oyunda onların münaqişəsi pik həddə çatmışdı. Mourinyo hesabda geri olduğumuz vaxt Poqbanın paylaşım etdiyini düşündü. Ertəsi gün Pol bizə izah etdi ki, paylaşımı əslində matçın əvvəlində edib. Lakin internet bağlantısı olmadığı üçün həmin paylaşım yalnız 30-40 dəqiqə sonra yayımlanıb”, - deyə sabiq futbolçu xatırlayıb.
Herrera hadisənin adi anlaşılmazlıq nəticəsində baş verdiyini, lakin həmin vaxt məşqçi ilə yarımmüdafiəçi arasındakı münasibətlərin artıq ciddi şəkildə korlandığını vurğulayıb.
“Bu, sadəcə, anlaşılmazlıq idi. Amma düşünürəm ki, həmin vaxt münasibətləri düzəltmək üçün artıq çox gec idi”, – deyə ispaniyalı fikrini tamamlayıb.
