“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yarımmüdafiəçi Qavinin fiziki hazırlığından razı qaldığını və futbolçunun yaxın vaxtlarda oyun praktikası qazana biləcəyini açıqlayıb.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis bu barədə La Liqanın doqquzuncu turunda “Betis”lə keçiriləcək matçdan əvvəl danışıb.
“Qavi milli komandanın heyətinə dəvət almadığı üçün bir qədər məyus olmuşdu. Lakin yığmaların oyunları ilə əlaqədar fasilə zamanı onun məşqlərdəki fəaliyyəti məni heyran etdi. Qavi intensivlik baxımından yaxşı səviyyədədir. O, bu komandanın ruhudur və bizim belə futbolçulara ehtiyacımız var.
Qavi yüksək səviyyəli futbolçudur. O, optimal formasına yaxınlaşıb və oyun vaxtı qazana bilər”, – deyə Flik bildirib.
Qeyd edək ki, “Betis” - “Barselona” qarşılaşması oktyabrın 17-də Sevilyadakı “La Kartuxa” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
