“Tottenhem”in buraxdığı 20 milyonluq transfer səhvi - FOTO

16 Oktyabr 2026 16:43
95
“Tottenhem”in buraxdığı 20 milyonluq transfer səhvi - FOTO

İngiltərənin “Tottenhem” futbol komandası yay transfer pəncərəsində “Midlsbro”ya satdığı hücumçu Uill Lenkşiri geri qaytarmaqda ciddi çətinliklərlə üzləşə bilər.

İdman.Biz “TEAMtalk” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi 21 yaşlı futbolçunun satış müqaviləsinə geri almaq hüququ daxil etməyib.

Məlumata görə, “Tottenhem” yalnız gələcəkdə Lenkşir üçün başqa klubdan gələcək və “Midlsbro” tərəfindən qəbul ediləcək təklifi eyni şərtlərlə qarşılamaq hüququna malikdir. Bu isə futbolçunu əvvəlcədən müəyyən edilmiş məbləğ qarşılığında geri qaytarmaq imkanı verən xüsusi müqavilə bəndindən fərqlənir.

İngiltərəli hücumçu iyul ayında “Midlsbro”ya transfer olunub. Razılaşmaya əsasən, London klubu ilkin olaraq 10 milyon funt sterlinq (23.4 milyon AZN) əldə edib. Əlavə bonuslarla transferin ümumi dəyəri 20 milyon funt sterlinqə çata bilər.

Lenkşir yeni komandasında uğurlu çıxışı ilə diqqət çəkir. Gənc futbolçu 11 dəfə start heyətində meydana çıxdığı qarşılaşmalarda 10 qol vurub. O, İngiltərənin 21 yaşadək futbolçulardan ibarət millisindəki debüt oyununda da fərqlənib.

Hücumçunun məhsuldarlığı Avropanın bir sıra klublarının diqqətini cəlb edib. “Tottenhem” də keçmiş futbolçusunun inkişafını izləyir. Lakin London təmsilçisi onu geri qaytarmaq istəsə, digər maraqlı klublarla rəqabət aparmalı olacaq.

Lenkşirin özünün gələcək planları da mümkün transferə təsir göstərə bilər. Futbolçu İngiltərə Premyer Liqasında çıxış etməyi hədəfləsə də, bu məqsədinə məhz “Midlsbro” ilə çatmaq istəyir. O, hazırkı klubunda özünü rahat hiss edir və komandanın Premyer Liqaya yüksəlməsinə kömək etmək niyyətindədir.

Gənc hücumçunun çıxışı İngiltərə millisinin məşqçilər korpusunun da diqqətindən yayınmayıb. Tomas Tuxelin rəhbərlik etdiyi milli komandanın nümayəndələri onun oyunlarını yaxından izləyirlər.

İdman.Biz