İspaniya La Liqasının prezidenti Xavyer Tebas İspaniyanın “Real Madrid” futbol komandasının rəhbərliyini və klubun rəsmi televiziyasını kəskin tənqid edib.
İdman.Biz İspaniya mediasına istinadən xəbər verir ki, funksioner sosial şəbəkədəki paylaşımında Madrid klubunun kommunikasiya strategiyası barədə sərt fikirlər səsləndirib.
Tebasın sözlərinə görə, “Real Madrid” rəhbərliyi klubun mövqeyini müdafiə edən şəxslərin fəaliyyətini əlaqələndirir və bu prosesdə “Real Madrid TV” əsas rol oynayır.
“La Liqa” rəhbəri klubun informasiya siyasətini nasist Almaniyasının təbliğat naziri Yozef Göbbelsin istifadə etdiyi üsullarla müqayisə edib. O, söhbətin ideologiyadan deyil, müəyyən məlumatların davamlı təkrarlanması və ictimai rəydə düşmən obrazının yaradılması metodlarından getdiyini xüsusi vurğulayıb.
Tebas “Real Madrid TV”nin hakim qərarlarını birtərəfli təqdim etdiyini də söyləyib. Onun fikrincə, klub televiziyası əsasən Madrid təmsilçisinin əleyhinə olan epizodlara diqqət ayırır, digər komandaların zərərinə verilən qərarları isə eyni qaydada təhlil etmir.
Funksioner həmçinin “Neqreyra işi”nin hakimliklə bağlı mübahisələrdə mütəmadi gündəmə gətirilməsi barədə də fikir bildirib. Tebas hesab edir ki, Madrid klubu bu məsələdən öz mövqeyini gücləndirmək üçün yararlanır.
Qeyd edək ki, son açıqlamalar “Real Madrid”in oyun təqvimi, xüsusilə noyabrın 7-də “Valensiya” ilə qarşılaşmanın vaxtı ilə bağlı narazılıqları fonunda səslənib.
