Zeedorf özünü tərifləmək istədi, amma rəqəmlər yalanı üzə çıxardı

16 Oktyabr 2026 16:57
97
Zeedorf özünü tərifləmək istədi, amma rəqəmlər yalanı üzə çıxardı

Braziliyanın “Korintians” futbol komandasının yeni baş məşqçisi Klarens Zeedorfun İtaliyanın “Milan” klubundakı fəaliyyəti barədə açıqlamasında bir sıra faktiki yanlışlıqlar müəyyən edilib.

İdman.Biz Braziliyanın “Globo Esporte” nəşrinə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis təqdimat mərasimində 2014-cü ildə “Milan”ı qəbul edərkən komandanın aşağı liqaya düşmək təhlükəsi ilə üzləşdiyini bildirib.

Zeedorfun sözlərinə görə, həmin vaxt İtaliya təmsilçisi turnir cədvəlinin sonundan dördüncü pilləsində qərarlaşıb. O, komandanı yeddinci yerə yüksəltdiyini və avrokuboklara vəsiqəni cəmi bir qol fərqi ilə əldən verdiyini vurğulayıb.

Lakin nəşrin apardığı araşdırma bu açıqlamaların statistik göstəricilərlə uyğun gəlmədiyini ortaya çıxarıb.

Belə ki, 2014-cü il yanvarın 13-də Massimiliano Alleqrinin istefası zamanı “Milan” 22 xalla İtaliya A Seriyasında 11-ci pillədə qərarlaşıb. Aşağı liqaya düşmə zonasında yer alan “Bolonya”nın isə 16 xalı olub.

Yanvarın 16-da baş məşqçi təyin edilən Zeedorf üç gün sonra “Verona” üzərində 1:0 hesablı qələbə ilə debüt edib.

Niderlandlı mütəxəssisin rəhbərliyi altında “Milan” çempionatda 19 oyun keçirib və 11 qələbə qazanıb. Komanda mövsümü Zeedorfun dediyi kimi yeddinci deyil, 57 xalla səkkizinci pillədə başa vurub.

Bundan başqa, həmin dövrdə toplanılan xallara əsasən, “Milan” üçüncü deyil, dördüncü ən yaxşı nəticəni göstərib. Komanda 35 xalla yalnız “Yuventus”, “Roma” və “Napoli”dən geri qalıb.

Zeedorf “Korintians”ın da hazırda turnir cədvəlində sondan dördüncü yerdə olduğunu bildirib. Halbuki Braziliya klubu 32 xalla 16-cı pillədədir və aşağı liqaya düşmə zonasından kənarda qərarlaşıb.

Qeyd edək ki, 50 yaşlı mütəxəssis oktyabrın 11-də “Korintians”ın baş məşqçisi təyin olunub. Onun klubla müqaviləsi 2027-ci ilin sonuna qədər nəzərdə tutulub.

İdman.Biz