Kompani Yens Lemanın tənqid hədəfinə çevrilib

16 Oktyabr 2026 17:29
98
Kompani Yens Lemanın tənqid hədəfinə çevrilib

Almaniyanın “Bavariya” futbol komandasının baş məşqçisi Vensan Kompani sabiq qapıçı Yens Lemanın tənqid hədəfinə çevrilib.

İdman.Biz “Sport Bild” nəşrinə istinadən xəbər verir ki, Almaniya millisinin keçmiş qapıçısı Münhen təmsilçisinin son oyunlarda yol verdiyi səhvlərə görə belçikalı mütəxəssisi də məsuliyyətli hesab edir.

56 yaşlı Leman “Bavariya”nın müdafiə xəttindəki problemlərə diqqət çəkib.

“Onlar tez-tez eyni səhvləri təkrarlayırlar. Bu səviyyədə belə halların yaşanması qeyri-adidir”, - deyə sabiq qapıçı bildirib.

Lemanın sözlərinə görə, komanda ötən mövsüm Çempionlar Liqasının həlledici qarşılaşmalarında da oxşar səhvlərə yol verib. O, uğur qazanmaq üçün müdafiədə daha intizamlı və diqqətli oynamağın vacibliyini vurğulayıb.

Sabiq futbolçu problemin əsas səbəblərindən birinin baş məşqçi ilə oyunçular arasındakı ünsiyyət olduğunu düşünür.

“Burada ünsiyyət problemi görürəm. Baş məşqçi kimi bunu öz davranışımla göstərməliyəm, çünki futbolçular meydanda bir-biri ilə danışmırlar”, - deyə Leman əlavə edib.

Qeyd edək ki, “Bavariya” yeni mövsümdə məğlubiyyətlə üzləşməsə də, son iki qarşılaşmada xal itirib. Münhen təmsilçisi Bundesliqada “Auqsburq”la 2:2, Çempionlar Liqasında isə Norveçin “Vikinq” komandası ilə 3:3 hesablı heç-heçə edib.

Kompani də Norveçdəki qarşılaşmadan sonra futbolçularının çıxışından narazılığını gizlətməyib. Baş məşqçi buraxılan erkən qolların və fərdi səhvlərin komandanın oyununa ciddi təsir göstərdiyini bildirib.

“Bavariya” növbəti qarşılaşmasını oktyabrın 17-də Bundesliqada “Leyptsiq”ə qarşı keçirəcək. Komandanı daha sonra Çempionlar Liqasında “Arsenal”, Almaniya çempionatında isə “Frayburq” və Dortmund “Borussiya”sı ilə çətin oyunlar gözləyir.

İdman.Biz