İtaliyanın “İnter” futbol komandasının səhmlərinin bir hissəsi qətərli milyarderə satıla bilər.
İdman.Biz “Corriere della Sera” nəşrinə istinadən xəbər verir ki, Qətərin sabiq baş naziri və xarici işlər naziri Haməd bin Casim bin Cabir Al Sani Milan klubunun səhmdarları sırasına qoşulmaqda maraqlıdır.
67 yaşlı milyarderin sərvətini idarə edən “Al Mirqab” şirkəti “İnter”in azlıq səhm paketini almaq üçün klubun sahibi olan “Oaktree” investisiya fondu ilə ilkin şifahi təmaslar qurub. Haməd bin Casimin eyni adlı yaxtası da var və dünyanın ən böyüklərindəndir.

Qətərli iş adamı son aylarda İtaliyada böyük investisiyalar həyata keçirib. Onun idarə etdiyi “Al Mirqab” 2026-cı ilin aprelində Milanın məşhur Monte Napoleone küçəsində yerləşən daşınmaz əmlakın 80 faizini təxminən 1,1 milyard avroya (2.2 milyard AZN) alıb.
Bundan başqa, milyarderlə əlaqəli “Constellation Hotels” şirkəti Sardiniya adasında Berluskoni ailəsinə məxsus tarixi “Villa Certosa” iqamətgahını təxminən 350 milyon avroya (697 milyon AZN) əldə edib.
Qeyd olunur ki, Al Saninin “İnter”ə mümkün sərmayəsi klubun Milanda yeni stadion inşa etmək layihəsi ilə də əlaqəli ola bilər. Stadionun gələcək gəlirləri sərmayəçi üçün əlavə iqtisadi imkanlar yarada bilər.



