Rəhman Daşdəmirov: “Rəqibi yaxşı analiz etmişik, azarkeşləri sevindirməyə çalışacağıq” - VİDEO

12 Oktyabr 2026 18:10
138
Rəhman Daşdəmirov: “Rəqibi yaxşı analiz etmişik, azarkeşləri sevindirməyə çalışacağıq”

“Sabah”ın müdafiəçisi Rəhman Daşdəmirov UEFA Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda Çexiyanın “Slaviya” (Praqa) klubuna qarşı keçirəcəkləri oyunla bağlı gözləntilərini bölüşüb.

İdman.Biz xəbər verir ki, futbolçu matçdan əvvəl təşkil olunan mətbuat konfransında rəqibi yaxşı təhlil etdiklərini bildirib:

“Sabah bizi tarixi oyun gözləyir. Ümid edirəm ki, tribunalar tam dolacaq. Rəqibi yaxşı analiz etmişik. Xalqımızı sevindirməyə çalışacağıq”.

İlk ev matçına yaxşı hazırlaşdıqlarını deyən Daşdəmirov milli komandanın oyunlarından sonra yorğunluq hiss etmədiyini vurğulayıb:

“Deməzdim ki, yorğunluq qalıb. Millidə qələbə qazandıqdan sonra heç bir yorğunluq hiss etmirəm. Ümid edirəm ki, sabah da qalib gələrik. Hər şey qaydasındadır”.

Müdafiəçi görüşün Tofiq Bəhramov adına Respublika Stadionu əvəzinə Bakı Olimpiya Stadionunda keçirilməsinə də münasibət bildirib:

“Məncə, burada azarkeş dəstəyi daha böyük olacaq. Bakı Olimpiya Stadionu bizə daha uyğun olar. Tofiq Bəhramov adına Respublika Stadionu Azərbaycan üçün tarixi arenadır. Amma Bakı Olimpiya Stadionunda daha çox azarkeş olsa, düşünürəm ki, bu, daha yaxşı olar”.

Daşdəmirov meydançanın vəziyyətindən də razı qaldığını qeyd edib:

“Burada bir dəfə məşq etmişik. Stadionun ot örtüyü çox yaxşı vəziyyətdədir”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Slaviya” oyunu oktyabrın 13-də Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

İdman.Biz