İngiltərə Premyer Liqasında “Liverpul”la “Mançester Siti” arasında keçirilən oyun zamanı 10 nəfər saxlanılıb, bir polis əməkdaşı isə üz nahiyəsindən ağır xəsarət alıb.
İdman.Biz xəbər verir ki, bu barədə Mersisayd polisi məlumat yayıb.
Matçdan əvvəl yüzlərlə azarkeş stadionun ətrafına toplaşıb. “Mançester Siti”nin avtobusu izdihamdan yayınmaq üçün arxa girişdən daxil olub. Stadionda isə qonaq komandanın futbolçuları etiraz şüarları, fit səsləri və pankartlarla qarşılanıblar.
Polisin açıqlamasına əsasən, bir nəfər polis əməkdaşına qarşı iki hücum epizodunda, beş nəfər faciələrlə bağlı təhqiramiz şüarlar səsləndirməkdə, bir nəfər sərxoş vəziyyətdə ictimai asayişi pozmaqda və hücumda, iki nəfər dava salmaqda, daha bir nəfər isə meydana əşyalar atmaqda şübhəli bilinərək saxlanılıb.
Azarkeşlər stadionu tərk edərkən “Enfild Roud” küçəsində bir kişinin saxlanılması zamanı polis əməkdaşı üz nahiyəsindən ağır xəsarət alıb. Müalicə üçün xəstəxanaya aparılan əməkdaş hazırda evdə sağalmaqdadır”, – deyə məlumatda bildirilib.
Baş inspektor Liann Hobin faciələrlə bağlı təhqiramiz şüarları pisləyib:
“Faciələr haqqında belə şüarlar səsləndirən azarkeşlər həlak olanların yaxınlarına böyük iztirab yaşadırlar. Bu cür davranışın futbolda qətiyyən yeri yoxdur.
Təqsirkarları müəyyənləşdirərək məsuliyyətə cəlb etmək üçün klublarla əməkdaşlığı davam etdirəcəyik.
Ümid edirəm ki, bugünkü saxlanılmalar aydın mesaj olacaq və başqalarını bu cür əməllərdən çəkindirəcək. Belə iyrənc davranışa yol verən hər kəs həbs olunmaq və məhkumluq qazanmaq riski ilə üzləşir”.
Bazar günü “Enfild”də keçirilən qarşılaşma “Mançester Siti”nin maliyyə qaydalarını pozmaqda təqsirli bilinməsindən sonra komandaların ilk görüşü olub. Qarşılaşma qonaq komandanın 3:0 hesablı qələbəsi ilə bitib.
