Ronaldo 29 il əvvəl “Barselona”dan ayrılmasının səbəbini açıqlayıb

29 Noyabr 2026 11:49
47
Ronaldo 29 il əvvəl “Barselona”dan ayrılmasının səbəbini açıqlayıb

Braziliya futbol millisinin əfsanəvi hücumçusu Ronaldo 1997-ci ildə İspaniyanın “Barselona” komandasından İtaliyanın “İnter” komandasına keçməsinin səbəbini açıqlayıb.

İdman.Biz xəbər verir ki, ikiqat dünya çempionu Milan təmsilçisinin ona dörd dəfə yüksək maaş təklif etdiyini bildirib.

Ronaldo qeyd edib ki, “Barselona” onun transferinə 20 milyon dollar xərcləsə də, sonradan satışından yaxşı qazanc əldə edib. Kataloniya təmsilçisində illik iki milyon avro qazanan hücumçuya “İnter” səkkiz milyon avro təklif edib. Braziliyalı futbolçu məhz bu səbəbdən İtaliyaya getməyə razılıq verib.

Ronaldo 1996-cı ilin yayında Niderlandın PSV komandasından “Barselona”ya 19,5 milyon dollar qarşılığında transfer olunaraq həmin dövrdə futbol tarixinin ən bahalı oyunçusuna çevrilib.

Kataloniya təmsilçisində bir mövsüm ərzində 49 qarşılaşmada iştirak edən hücumçu 47 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb. 1997-ci ilin yayında isə “İnter” onun transferi üçün 27 milyon dollar ödəyib.

Qeyd edək ki, Ronaldo 1997 və 2002-ci illərdə “Qızıl top” mükafatına layiq görülüb.

İdman.Biz
Məqalədə: