Azərbaycanın U-19 futbol millisi Avropa çempionatında Şimali Makedoniya ilə qarşılaşacaq

29 Noyabr 2026 11:29
31
Azərbaycanın U-19 futbol millisi Avropa çempionatında Şimali Makedoniya ilə qarşılaşacaq

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət milli komandası noyabrın 29-da Avropa çempionatının 2026/2027-ci illər mövsümünün birinci seçmə mərhələsində növbəti oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, B liqasının üçüncü qrupunda mübarizə aparan yığmamız Şimali Makedoniya millisi ilə qarşılaşacaq.

Şimali Makedoniyanın Strumitsa şəhərindəki “Qoran Pandev” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qarşılaşmanın idarəçiliyi fransalı hakim Odri Jerbelə həvalə olunub. Ona həmyerlisi Siham Budina və serbiyalı Anya Raduloviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə serbiyalı Nikolina Purtiç yerinə yetirəcək.

Azərbaycan millisi qrupdakı ilk qarşılaşmasında Serbiyaya 0:4 hesabı ilə məğlub olub. Şimali Makedoniya isə Monteneqro üzərində 7:3 hesablı qələbə qazanıb.

Qrupun digər görüşündə Serbiya və Monteneqro komandaları üz-üzə gələcəklər.

Yarışın reqlamentinə əsasən, B liqasının altı qrupunun qalibi və ikinci yeri tutan ən yaxşı komanda növbəti seçmə mərhələdə A liqasında mübarizə aparmaq hüququ qazanacaq.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı son qarşılaşmasını dekabrın 2-də Monteneqroya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

İdman.Biz