Beynəlxalq Futbol Federasiyası (FIFA) ilk dəfə 2025-ci ildə ABŞ Prezidenti Donald Trampa təqdim etdiyi Sülh Mükafatının gələcəyi ilə bağlı yenidən müzakirələrə başlayıb.
İdman.Biz “The New York Times” qəzetinə istinadən xəbər verir ki, nəşrin futbol qurumundakı üç yüksəkvəzifəli mənbəsinin məlumatına görə, mükafatın ləğv edilməsi və ya adının dəyişdirilməsi nəzərdən keçirilir.
FIFA xüsusi komitəyə mükafatın təsis edilməsi şəraitini və gələcəkdə təqdim olunmasının məqsədəuyğunluğunu araşdırmağı tapşırıb.
Qəzetin iki həmsöhbəti mükafatın konsepsiyasına yenidən baxılmasını FIFA prezidenti Canni İnfantinonun Donald Trampla yaxın münasibətlərindən doğan narahatlığın artması ilə əlaqələndirib. Qurum daxilində gələcək laureatların kim olacağı və onların mükafatı qəbul etmək istəyib-istəməyəcəkləri barədə də qeyri-müəyyənlik mövcuddur.
Müzakirə edilən variantlardan biri mükafatın konsepsiyasının dəyişdirilməsi və gələcəkdə futbolun inkişafına mühüm töhfə vermiş şəxslərə təqdim olunmasıdır.
Mükafatın təsis edilməsi və laureatın müəyyənləşdirilməsi prosedurları da futbol ictimaiyyətində mübahisələrə səbəb olub. Norveç Futbol Federasiyasının prezidenti Lise Klaveness mükafatın FIFA-nın nizamnamə və qaydalarında əsasının olmadığını bildirib.
UEFA da oktyabrda FIFA rəhbərliyinə ünvanladığı məktubda mükafatın təsis olunması və İnfantinonun Trampla münasibətləri barədə izahat tələb edib.
Sözügedən mükafatın Azərbaycanla bağlılığı da var. ABŞ Prezidentinə təqdim olunan heykəlcik Azərbaycanın Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevin müəllifi olduqları “Düşüncələr və arzular” heykəlinin kiçildilmiş variantıdır. Əsərin orijinalı 2017-ci ildə Cenevrədə BMT-nin qərargahı qarşısında ucaldılıb.
Xatırladaq ki, FIFA Sülh Mükafatının təsis edildiyini 2025-ci il noyabrın 5-də elan edib. Mükafatın hər il sülh naminə insanları birləşdirmək istiqamətində müstəsna töhfə vermiş şəxslərə təqdim olunması nəzərdə tutulurdu.
Donald Tramp mükafatın ilk laureatı olub. Canni İnfantino 2025-ci il dekabrın 5-də Vaşinqtonda keçirilən 2026-cı il dünya çempionatının püşkatma mərasimində mükafatı ABŞ Prezidentinə təqdim edib.
Mükafatın gələcəyi ilə bağlı məsələyə FIFA Şurasının dekabrda keçiriləcək iclasında baxılması gözlənilir. Mükafat ləğv olunacağı təqdirdə Donald Tramp onun ilk və son laureatı kimi tarixə düşəcək.
