“Fulhem”in baş məşqçisi Alvaro Arbeloa komandasının İngiltərə Premyer Liqasındakı uğursuz startı və mümkün istefası ilə bağlı müzakirələrə münasibət bildirib.
İdman.Biz “Sport.es”ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis təzyiq altında işləməyə alışdığını vurğulayıb.
Onun sözlərinə görə, tezliklə komanda oyununu taparaq nəticələr əldə edəcək:
“Bəlkə də kim olduğumu bilmirsiniz, amma mən dünyanın ən yaxşı klubunda oynamışam və dünyanın ən yaxşı klubunu çalışdırmışam. Ola bilsin, bundan xəbəriniz yoxdur. Sadəcə demək istəyirəm ki, uşaqlıqdan təzyiqlə üzləşmişəm.
Bu, həm futbolçular, həm də məşqçilər üçün futbolun tamamilə təbii bir hissəsidir. Hətta bu təzyiqi hiss etmək xoşuma gəlir və zərrə qədər də qorxmuram. Qorxursansa, futbol məşqçisi ola bilməzsən. Hazırda bizə lazım olan səylə çalışmaq, düzgün qərarlar vermək və futbolçulara inam aşılamaqdır”.
“Fulhem” Premyer Liqanın ilk altı oyununda cəmi iki xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Qeyd edək ki, Arbeloa 2025/2026 mövsümünün ikinci yarısında Xabi Alonsonun vəzifəsindən azad edilməsindən sonra “Real Madrid”in baş məşqçisi vəzifəsini müvəqqəti icra edib.
