Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Yoşua Kimmixin Camal Musiala ilə bağlı rəhbərliyi açıq şəkildə tənqid etməsinin səbəbləri məlum olub.
İdman.Biz xəbər verir ki, Münhen təmsilçisinin təcrübəli futbolçusu təkcə Musialanı müdafiə etmək deyil, həm də komandanın digər aparıcı üzvü Maykl Olisenin klubdan mümkün gedişinin qarşısını almaq istəyir.
Almaniyalı jurnalist Kristian Falkın məlumatına görə, “Bavariya” rəhbərliyində Musiala ilə bağlı açıqlamalarda həddi aşdıqlarını anlayırlar. Klub rəsmilərinin futbolçunun müqavilə şərtlərini və əvvəlki oyun səviyyəsinə qayıtmaq imkanlarını ictimaiyyət qarşısında müzakirə etməsi komanda daxilində narazılıq yaradıb.
Kimmix isə bütün komandanın adından çıxış edərək rəhbərliyin mövqeyinə etiraz edib.
Musiala ilə yaxın münasibətləri olan Olisenin də baş verənləri diqqətlə izlədiyi bildirilir. Falkın fikrincə, fransalı futbolçunu yeni müqavilə imzalamağa razı salmaq üçün təkcə əlverişli maliyyə şərtləri kifayət etməyəcək. Klub rəhbərliyi ilə futbolçular arasındakı qarşılıqlı etimad da danışıqlarda mühüm rol oynayacaq.
Çempionlar Liqasının qalibi olmağı hədəfləyən 31 yaşlı Kimmix “Bavariya”nın mümkün qədər güclü heyətə malik olmasını istəyir. Almaniyalı futbolçu anlayır ki, Olise kimi oyunçuların komandadan ayrılması bu məqsədə çatmağı çətinləşdirə bilər.
Qeyd edək ki, Olisenin “Bavariya” ilə hazırkı müqaviləsi 2029-cu ilin yayınadək qüvvədədir.
