Valdas Dambrauskas: “Sabah meydanda bütün suallara aydınlıq gələcək”

12 Oktyabr 2026 18:14
136
Valdas Dambrauskas: “Sabah meydanda bütün suallara aydınlıq gələcək”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda Çexiyanın “Slaviya” (Praqa) klubuna qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, mütəxəssis oyunöncəsi mətbuat konfransında turnirdə asan rəqibin olmadığını vurğulayıb:

“Biz Çempionlar Liqasında oynayırıq, asan rəqib yoxdur. Püşk bizim qarşımıza çətin rəqibləri çıxarıb. Hər rəqibin öz fərqli oyun tərzi var”.

Dambrauskas “Slaviya”nın onlara münasibəti ilə bağlı ehtimalını da səsləndirib:

“Bəlkə də onlar bizə asan rəqib baxırlar, amma sabah meydanda bütün suallara aydınlıq gələcək”.

Qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirən baş məşqçi qələbə üçün əllərindən gələni edəcəklərini deyib:

“Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir. Sabah meydanda hər şey baş verə bilər. Əsas odur ki, meydanda düşündüklərimizi icra edək və 3 xal qazanaq”.

Mütəxəssis rəqibin oyun üslubundan danışarkən onun hücum futboluna üstünlük verdiyini qeyd edib:

“Slaviya”nın çox yaxşı oyun üslubu var. Onlar bu görüşə çox yaxşı hazırlaşıblar. Heç vaxt yorğun olmayan komandaya qarşı mübarizə aparacağıq. “Slaviya” hücumameyilli komandadır. Bununla belə, öz gücümüzə inanıram. Düşünürəm ki, meydanda rəqibin zəif nöqtələrini tapacağıq”.

Dambrauskas turnirdə keyfiyyətin önəmini vurğulayaraq futbolçularına güvəndiyini bildirib:

“Bura Çempionlar Liqasıdır. Burada komandanın keyfiyyəti önəm daşıyır. Mənim rəqib seçmək kimi bir şansım yoxdur. Bütün rəqiblərimizə qarşı layiqli mübarizə aparmağa çalışacağıq. “Slaviya” uzun müddətdir ki, Çempionlar Liqasında səfərdə qələbə qazanmır. Onlar bu görüşdə qalib gəlmək istəyəcəklər. Bu vəziyyət mənim üçün motivasiya mənbəyi deyil. Mənim üçün əsas motivasiya meydana çıxmaq və gözəl oyun sərgiləməkdir. Futbolçularıma güvənirəm”.

“Sabah” – “Slaviya” matçı oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

İdman.Biz