Lempard “Mançester Siti” qalmaqalından danışmaq istəmədi

8 Oktyabr 2026 22:04
59
Lempard “Mançester Siti” qalmaqalından danışmaq istəmədi

“Mançester Siti”nin sabiq futbolçusu Frenk Lempard klubun Premyer Liqanın maliyyə qaydalarını pozmaqda təqsirli bilinməsinə münasibət bildirib.

İdman.Biz “Goal” nəşrinə istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis Mançester təmsilçisinin apellyasiya şikayəti verdiyini xatırladaraq məsələni şərh etməkdən çəkinib.

“Hamımız xəbərləri görmüşük. Əlbəttə, “Mançester Siti”nin apellyasiya şikayəti verməsi mühüm məqamdır. Apellyasiya prosesi davam etdiyi halda nə demək olar? Mən hadisələrin təfərrüatından xəbərdar deyiləm, ümumiyyətlə, bu məsələdən kənardayam. “Mançester Siti”də xeyli əvvəl və cəmi bir il oynamışam. Gözləyək, görək apellyasiyanın nəticəsi necə olacaq və bundan sonra nə baş verəcək. Prosesin nə qədər davam edəcəyini də bilmirəm”, - deyə Lempard bildirib.

Qeyd edək ki, “Mançester Siti” 2009/2010–2017/2018 mövsümləri ərzində maliyyə qaydalarını pozaraq klubun gəlirlərini 830 milyon funt-sterlinq məbləğində şişirtməkdə təqsirli bilinib.

Lempard isə 2014/2015 mövsümündə “Mançester Siti”nin formasını geyinib.

İdman.Biz