Karlo Ançelottinin oğlu və “Real”ın keçmiş məşqçisi Davide Ançelotti Madrid klubunun Toni Kroos və Luka Modriçin yoxluğunu ciddi şəkildə hiss etdiyini bildirib.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, Davide Ançelotti açıqlamasında “Real”da Kroos və Modriçin oynadığı dövrdə boş zonalara edilən hərəkətlərin dərhal ötürmələrlə tamamlandığını söyləyib.
O qeyd edib ki, söhbət hazırkı futbolçuların bunu bacarıb-bacarmamasından getmir:
“Real”da Modriç və ya Kroos olanda boş zona istiqamətindəki hər hansı bir hərəkətə dərhal ötürmə gəlirdi. Mən demək istəmirəm ki, indiki oyunçular buna qadir deyil. Mən başqa şeydən danışıram: şaquli futbol oynamaq üçün topu irəli çatdırmağı bacaran adam lazımdır. Şaquli futbol daimi olaraq açılan səkkiz oyunçu demək deyil. Həm də onları ötürmələrlə tapa biləcək kimsə lazımdır. Bu artıq oyun ideyası məsələsidir”.
Davide Ançelotti Kroosun komandadan ayrılmasının “Real” üçün geri qaytarılması mümkün olmayan itki olduğunu vurğulayıb. Onun sözlərinə görə, Madrid klubu öz mövqeyində dünyanın ən yaxşı futbolçusunu itirib:
“Bəzən artıq heç vaxt qaytara bilməyəcəyin şeyləri itirirsən. “Real” öz mövqeyində dünyanın ən yaxşı futbolçusunu itirdi. Demək olmaz ki, “Bizə başqa bir Kroos lazımdır”, çünki onun kimi ikincisi sadəcə yoxdur”.
O, almaniyalı yarımmüdafiəçini xüsusi edən əsas xüsusiyyətlərdən də danışıb. Ançelottinin sözlərinə görə, Kroos matçın tempini idarə edən və oyunun ritminə nəzarət edən futbolçu olub:
“O, matçın sahibi idi. O, tempi idarə edirdi. Oyun onun istədiyi kimi gedirdi. Məhz o, qərarlar verirdi və bu, fundamental şəkildə vacib idi, çünki Kroos matçın ritminə nəzarət edirdi. Bununla yanaşı, o, həm də çox qaçırdı — hər oyun üçün 11 kilometr. O, müdafiə olunmağı bacarırdı, taktikanı mükəmməl başa düşürdü. Onun altıncı nömrə kimi oynaması mənə çox xoş gəlirdi”.
Davide Ançelotti Kroosun oyun üslubunun da fərqli olduğunu qeyd edib. O bildirib ki, futbolçu ikinci toplar və təkrar mübarizələrdənsə, səkkizinci nömrə mövqeyində oynamağa üstünlük verirdi:
“İkinci toplar uğrunda mübarizə aparmaq, təkrar mübarizələrə girmək onun elə də xoşuna gəlmirdi. O, səkkizinci nömrə kimi oynamağa üstünlük verirdi, çünki bütün qara işi altıncı nömrəyə saxlamaq olurdu”.
Ançelotti Kroosun gedişinin “Real”ın oyun strukturuna ciddi təsir etdiyini və komandanın onunla birlikdə bir çox xüsusiyyətini itirdiyini bildirib.
“Real”ın oyun strukturu üçün Toninin itirilməsi labüd olaraq çox ciddi problemə çevrildi. Onunla birlikdə komanda bir anda külli miqdarda şeylərdən məhrum oldu”.
Davide Ançelotti Rodri məsələsinə də toxunaraq, “Mançester Siti”nin yarımmüdafiəçisinin istənilən komandaya uyğunlaşa biləcəyini deyib:
“Rodri istənilən komandaya uyğun gələrdi. Bu, elə bir futbolçudur ki... Toninin surətini axtarmaq lazımdır. “Real” öz balansını tapacaq. Rodri ilə və ya onsuz komanda həmişəki kimi yenə də axıra qədər mübarizə aparacaq. Həlledici məqam gələndə, “Real” həmişə öz yerində olur”.
