Azərbaycan futbol millisinin UEFA Millətlər Liqasındakı nəticələrinə görə mükafatlandırılacağı ilə bağlı yayılan məlumatlara AFFA-dan münasibət bildirilib.
Sosial şəbəkələrdə yığmanın səfərdə Litva ilə 1:1, Bakıda isə Lixtenşteynlə 0:0 hesablı heç-heçələrindən sonra mükafat alacağı barədə məlumatlar yayılıb. Sözügedən iddia sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə və narazılığa səbəb olub.
Məsələ ilə bağlı İdman.Biz AFFA-nın mətbuat xidmətinə sorğu göndərib.
Qurumun mətbuat xidmətinin rəhbəri Aidə Əliyeva saytımıza açıqlamasında yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.
“Yayılan xəbərlər həqiqəti əks etdirmir. Mükafat yalnız uğurlu nəticələrdən sonra verilir”, - deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının D Liqasının ikinci qrupunda iki xalla ikinci pillədə qərarlaşıb. Dörd xalı olan Litva qrupda liderdir.
Azərbaycan - Litva qarşılaşması sabah saat 17:00-da başlayacaq.
