Dyökereşin Millətlər Liqasındakı tarixi seriyası Azərbaycanla oyundan başlayıb

3 Oktyabr 2026 09:55
80
Dyökereşin Millətlər Liqasındakı tarixi seriyası Azərbaycanla oyundan başlayıb

İsveç millisinin hücumçusu Viktor Dyökereş UEFA Millətlər Liqasında tarixi göstəriciyə imza atıb. Onun rekord seriyası isə Azərbaycan millisi ilə oyundan başlayıb.

İdman.Biz xəbər verir ki, 28 yaşlı hücumçu cari turnirin qrup mərhələsində Bosniya və Herseqovina ilə keçirilən matçda (1:1) fərqlənib. Bununla da Dyökereş Millətlər Liqasında ardıcıl altıncı oyunda qol vurub və turnir tarixində belə seriyaya imza atan ilk futbolçu olub.

Maraqlıdır ki, onun bu seriyası 19 noyabr 2024-cü ildə Azərbaycanla keçirilən oyunda başlayıb. Həmin vaxt 2024/25 mövsümünün Millətlər Liqasının C1 qrupunun son turunda İsveç yığması Azərbaycan millisini 6:0 hesabı ilə məğlub edib. Dyökereş isə həmin qarşılaşmada 4 qol vurub.

Bundan sonra isveçli hücumçu turnirin həmin mövsümündə Estoniya (3:0) və Slovakiya (2:1) ilə oyunlarda da fərqlənib. Cari Millətlər Liqasında isə seriyasını Polşa (3:1), Rumıniya (2:1) və Bosniya və Herseqovina (1:1) ilə matçlarda qol vurmaqla davam etdirib.

Beləliklə, Dyökereş rekord seriyasını təşkil edən altı oyunda 9 qol vurub. Onlardan 4-ü Azərbaycan millisi ilə qarşılaşmanın payına düşüb.

İdman.Biz
Məqalədə: