“Mançester Siti”nin maliyyə işini üzə çıxaran şəxsin polis mühafizəsi dayandırıla bilər

3 Oktyabr 2026 09:16
82
“Mançester Siti”nin maliyyə işini üzə çıxaran şəxsin polis mühafizəsi dayandırıla bilər

“Football Leaks” platformasının təsisçisi Ruy Pintu “Mançester Siti” və digər futbol klubları ilə bağlı araşdırmalarda istifadə olunan materialları toplaması ilə tanınır.

İdman.Biz RTE-yə istinadən xəbər verir ki, portuqaliyalının 2020-ci ilin avqustundan yararlandığı xüsusi təhlükəsizlik proqramının müddəti oktyabrın 10-da başa çatacaq.

Bundan sonra Pintu ona ayrılmış qorunan yaşayış yerini tərk etməli və yeni yaşayış yeri tapmalıdır. Bununla yanaşı, onun polis mühafizəsinin davam etdiriləcəyinə dair hər hansı zəmanət yoxdur.

Pintunun topladığı və Avropa jurnalistlərinə ötürdüyü materiallar futbol klubları, futbolçular və agentlərlə bağlı bir sıra araşdırmaların başlanmasına səbəb olub. Həmin məlumatlardan, xüsusilə, “Mançester Siti”nin ehtimal olunan maliyyə pozuntuları ilə bağlı araşdırmada istifadə edilib.

2023-cü ilin sentyabrında Portuqaliya məhkəməsi Pintunu hədə-qorxu ilə tələb etməyə cəhd, məlumatlara qanunsuz daxilolma və məktub sirrinin pozulmasında təqsirli bilərək ona 4 il şərti həbs cəzası verib.

Həmçinin, apreldə Pintunun hücuma məruz qaldığı və hazırda onun ünvanına təhdidlərin daxil olduğu bildirilir.

İdman.Biz