“Barselona” “Kamp Nou”nun yenidənqurulmasından sonra abunəlikləri bahalaşdıra bilər

3 Oktyabr 2026 06:15
112
“Barselona” “Kamp Nou”nun yenidənqurulmasından sonra abunəlikləri bahalaşdıra bilər

“Barselona” futbol klubunun rəhbərliyi “Kamp Nou”nun yenidənqurulması tam başa çatdıqdan sonra mövsümlük abunəliklərin qiymətini artırmaq imkanını nəzərdən keçirir.

İdman.Biz “Betevé”yə istinadən xəbər verir ki, bunu klubun vitse-prezidenti Elena Fort açıqlayıb.

“Stadion tam hazır olanda hər şeyi təhlil etməliyik, çünki dəyişikliklər baş verib. Əvvəllər ən bahalı və tələbatın yüksək olduğu yerlər damın altında idi. Çünki orada azarkeşlər islanmırdı. İndi isə bütün stadion örtülü olacaq və digər tədbirlər də həyata keçirilib. Buna görə də yerlərin necə yenidən bölüşdürülməli olduğunu müəyyənləşdirməliyik”, – deyə Fort bildirib.

Bununla belə, “Barselona” rəhbərliyi hazırkı abunə sahiblərinin maraqlarını nəzərə almağı və ailələr üçün əlçatan variantları qorumağı planlaşdırır.

Fort xatırladıb ki, 2023-cü ildə “Kamp Nou”da bəzi yerlərin qiyməti 180-200 avro təşkil edib. Onun sözlərinə görə, bu məbləğ bazar səviyyəsindən xeyli aşağı olub. Bu səbəbdən yenidənqurmadan sonra qiymət siyasətinə yenidən baxılması nəzərdə tutulur.

Vitse-prezident, həmçinin “Kamp Nou”nun yenidənqurulmasını həyata keçirən Türkiyənin “Limak” şirkətinin fəaliyyətini müsbət qiymətləndirib. Fortun sözlərinə görə, klub yenidən podratçı seçməli olsaydı, yenə həmin şirkətin xidmətlərindən istifadə edərdi.

İdman.Biz