İnfantino FIFA-nın qarşıdakı iclasında konstruktiv dialoqa hazır olduğunu bildirdi

25 Sentyabr 2026 05:43
67
İnfantino FIFA-nın qarşıdakı iclasında konstruktiv dialoqa hazır olduğunu bildirdi

FIFA prezidenti Canni İnfantino təşkilat Şurasının qarşıdakı iclasında 211 milli assosiasiyanın rəhbərləri ilə konstruktiv və məhsuldar dialoqa hazır olduğunu bildirib.

İdman.Biz “The Guardian”a istinadən xəbər verir ki, FİFA Şurasının iclası oktyabrın 15-nə planlaşdırılıb. İnfantino daha əvvəl Şura üzvlərinə və milli assosiasiyaların rəhbərlərinə məktub göndərərək islahatlarla bağlı dialoqa hazır olduğunu bildirib.

“Məktubum dərc edildikdən sonra hər kəsdən rəyləri səbirsizliklə gözləyirəm. Dünyanın müxtəlif guşələrindən müsbət rəylər almışam və bir-birimizi dinləməyə davam etməyimiz çox vacibdir.

Gələn ay Şura iclasımız olacaq və bu vacib məsələlər üzrə dialoqu davam etdirəcəyik. Dialoq mədəniyyəti, bir-birini dinləmək və hörmət etmək bacarığı olmalıdır.

Söhbət xəbər başlığına düşməkdən getmir, futbol üçün doğru olanı etməkdən gedir. Mən bu məqsədə heç vaxt indiki qədər qətiyyətlə köklənməmiş və sadiq olmamışam. FİFA həmişə bu prosesə cəlb olunur. Mən də həmişə cəlb olunuram və futbolu hər kəsin və hər yerin rifahı üçün necə inkişaf etdirə biləcəyimizi eşitmək istəyirəm”, – İnfantino vurğulayıb.

Qeyd edək ki, iyul ayında FİFA kommersiya fəaliyyətini və turnirlərin təşkili üzrə fəaliyyətini birləşdirməli olan “FIFA Forward Enterprise” (FFE) şirkətini yaratmaq planlarını açıqlayıb və özəl investorları şirkətdə pay almağa dəvət edib. Təklif UEFA-nın mənfi reaksiyasına səbəb olub.

Daha sonra FIFA bu layihədən imtina etdiyini açıqlayıb.

İnfantino 2016-cı ildən FIFA prezidenti vəzifəsini tutur. O, 2027-ci ilin yazında Mərakeşdə keçiriləcək seçkilərdə iştirak etmək niyyətində olduğunu açıqlayıb.

İdman.Biz