Pedri: “Real”a getmək mənim üçün dərs oldu” - FOTO

9 Sentyabr 2026 16:58
80
Pedri: “Real”a getmək mənim üçün dərs oldu” - FOTO

İspaniyanın “Barselona” futbol komandasının yarımmüdafiəçisi Pedri karyerasının başlanğıcı və zirvəyə gedən yolu barədə geniş danışıb.

İdman.Biz xəbər verir ki, 23 yaşlı futbolçu “The Players’ Tribune” üçün qələmə aldığı yazıda uşaqlığından dünya çempionluğuna qədər həyatının mühüm məqamlarını xatırlayıb.

Pedri bildirib ki, uşaqlığı Tenerifedə babasının restoranında keçib. Onun babası Kanar adalarında “Barselona”nın ən böyük azarkeş birliklərindən birini idarə edib. Pedri qardaşı ilə restoranın zirzəmisində futbol oynadığını və yeddi yaşında İspaniyanın 2010-cu il dünya çempionluğunu orada izlədiyini xatırladıb.

Futbolçunun sözlərinə görə, atası gəncliyində yaxşı qapıçı olub, lakin ailə biznesini davam etdirmək üçün futbol arzusundan imtina edib.

Pedrinin karyerasının ən maraqlı epizodlarından biri “Real Madrid”də keçdiyi sınaq olub. Atası onu Madridə aparıb, lakin akademiyada digər uşaqlar artıq internatda yaşayır və birlikdə təhsil alırdılar. Pedri isə günün böyük hissəsini oteldə tək keçirirdi. Bir həftədən sonra “Real Madrid” onu geri göndərib.

Pedri bunu belə xatırlayıb:
“Açığı, bu, mənim üçün təvazökarlıq dərsi oldu”.

O bildirib ki, evə qayıdıb dostlarının qarşısına çıxmaq xoş olmayıb. Bununla belə, ailəsi və doğulduğu bölgədəki insanlar ona böyük dəstək göstəriblər. Hətta yaxınları zarafatla babasının onun “Real Madrid”də oynamasına heç vaxt icazə verməyəcəyini deyiblər.

Sonradan “Barselona”ya keçən Pedri ilk məşq gününü də xüsusi xatırlayıb. O, futbolçuların olduğu hissənin qapısını açanda qarşısında ilk gördüyü şəxsin Lionel Messi olduğunu deyib.

Pedri həmin anda nə deyəcəyini bilmədiyini bildirib. Messi isə ona sakit olmağı söyləyərək soyunub-geyinmə otağına aparıb.

Pedri və Fransisku Trinkan ilk günlərdə Serxio Buskets, Jerar Pike, Jordi Alba və Messi kimi ulduzlarla eyni soyunub-geyinmə otağına girməyə utandıqları üçün məşqdən sonra idman zalında vaxt keçiriblər. Pedrinin sözlərinə görə, Messi sonradan bunu görüb və onları özü soyunub-geyinmə otağına çağırıb.

Pedri uşaqlıqda atasına verdiyi maraqlı sözü də xatırladıb. O, məşqlərə gedəndə tez-tez butslarını, qoruyucularını və digər əşyalarını evdə unudub. Atası isə zarafatla ona deyib ki, futbolçu olmalıdır ki, özü onun şəxsi köməkçisi kimi yanında gəzsin və heç nəyi unutmasına imkan verməsin.

“Barselona”da qalacağı məlum olanda Pedri atasına həmin sözü xatırladıb və Çempionlar Liqasında corablarını unutmayacağına əmin olmasını istəyib.

Pedri ilk illərdə qol vurduqdan sonra necə sevinəcəyini də bilmədiyini etiraf edib. “Las Palmas”da oynadığı vaxt ailəsi qol sevincində dilini çıxarmasına gülüb. “Kamp Nou”da isə bunu etməməyə çalışıb və künc bayrağına doğru qaçaraq komanda yoldaşlarının onu qucaqlamasını gözləyib.

Pedri hekayəsinin ən emosional hissələrindən birini dünya çempionluğu ilə əlaqələndirib. O, finaldan sonra atasını meydana çıxarıb qapıya keçirərək ona penalti vurmağın sözlə ifadə edilməyəcək hiss olduğunu deyib.

İdman.Biz