Bakı Olimpiya Stadionundan “Borussiya”ya cavab: “Barselona” narahat olmaya bilər - FOTO

6 Noyabr 2026 19:52
40
Bakı Olimpiya Stadionundan “Borussiya”ya cavab: “Barselona” narahat olmaya bilər

Bakı Olimpiya Stadionu (BOS) Dortmund “Borussiya”sının su təchizatı ilə bağlı səsləndirdiyi iddialara yeni laborator analizlərin nəticələri ilə cavab verib.

İdman.Biz xəbər verir ki, stadion rəhbərliyi su təchizatı sistemindən yenidən götürülən nümunələrin iki ayrı laboratoriyada yoxlanıldığını və hər hansı problemin aşkarlanmadığını açıqlayıb.

Xatırladaq ki, oktyabrın 20-də UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirilən “Sabah” - “Borussiya Dortmund” matçından sonra Almaniya klubunun rəsmilərindən biri stadionun duş kabinlərindən istifadə etmədiklərini bildirmişdi. Buna səbəb kimi su təchizatı sistemində “legionella” bakteriyasının ola biləcəyi ehtimalı göstərilmişdi.

BOS rəhbərliyi həmin vaxt iddiaları təkzib edərək stadionun su təchizatı sisteminin müvafiq standartlara cavab verdiyini və qüvvədə olan sertifikata malik olduğunu açıqlamışdı.

İndi isə əlavə yoxlamaların nəticələri ictimaiyyətə təqdim olunub. “MediClub” Tibb Klinikası və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Mərkəzi Laboratoriyası tərəfindən aparılan analizlər stadionun su təchizatı sistemində hər hansı problemin olmadığını təsdiqləyib.

Stadion rəhbərliyi xatırladıb ki, cari mövsümdə burada oyun və məşqlər keçirmiş “Sabah” və Praqa “Slaviya”sı tərəfindən də su təchizatı ilə bağlı heç bir irad bildirilməyib.

BOS-un açıqlamasında Dortmund klubunun nümayəndəsinin fikirlərinin əsassız olduğu vurğulanıb:

“Borussiya Dortmund” klubunun nümayəndəsi tərəfindən bu məsələ ilə əlaqədar səsləndirilmiş fikir əsassızdır, “Barselona” isə mövzu ilə bağlı narahat olmaya bilər”.

İdman.Biz