“Barselona” və İspaniya millisinin futbolçusu Lamin Yamal 2025/2026 mövsümündə La Liqanın ən yaxşı futbolçusu seçilib.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, 19 yaşlı hücumçu bu mükafata İspaniya Futbolçular Assosiasiyasının (AFE) səsverməsi əsasında layiq görülüb. Qaliblər müxtəlif səviyyələrdə çıxış edən futbolçuların iştirakı ilə keçirilən səsvermə nəticəsində müəyyənləşib.
Yamal ötən mövsüm La Liqada 28 matçda meydana çıxıb. O, bu görüşlərdə 16 qol vurub və 12 məhsuldar ötürmə edib.
İspan futbolçu 2023-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir. O, 16 yaş 38 günlük olarkən La Liqada start heyətində meydana çıxaraq XXI əsrdə çempionatda buna nail olan ən gənc futbolçu olub.
Yamalın Kataloniya klubu ilə hazırkı müqaviləsi 2031-ci il iyunun 30-dək qüvvədədir. “Transfermarkt” portalı onun bazar dəyərini 220 milyon avro qiymətləndirir.
