Avqustun 31-dən sentyabrın 7-dək Qırğız Respublikasında VI Dünya Köçəri Oyunları keçirilir.
Dünyanın müxtəlif ölkələrindən idmançıları, məşqçiləri və nümayəndə heyətlərini bir araya gətirəcək mötəbər yarış Türk dünyasının zəngin tarixi-mədəni irsinin, milli idman növlərinin və ənənələrinin beynəlxalq miqyasda təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, oyunların açılış mərasimi bu gün Qırğızıstanın paytaxtı Bişkek şəhərindəki “Bişkek Arena”da təşkil olunub. Əsas idman yarışlarının isə Issık-Kul vilayətində, əsasən Çolpon-Ata şəhərində təşkili nəzərdə tutulur. Yarışlara 100-dən çox ölkədən iştirakçıların qatılacağı gözlənilir. Rəsmi proqramda 43 etnosport və ənənəvi idman növünün yer alması tədbirin miqyasını və rəngarəngliyini nümayiş etdirir.
Dünya Köçəri Oyunları yalnız idman yarışması deyil, həm də müxtəlif xalqların qədim adət-ənənələrinin, milli oyunlarının və mədəni irsinin nümayiş etdirildiyi beynəlxalq platformadır. Burada güləşin müxtəlif milli növlərindən tutmuş atüstü yarışlara, ənənəvi döyüş sənətlərinə və intellektual oyunlara qədər geniş proqram təqdim olunur. Bu baxımdan Oyunlar xalqlar arasında qarşılıqlı anlaşmanın və mədəni dialoqun möhkəmləndirilməsinə xidmət edir.
Azərbaycan 9 idman növündə mübarizə aparacaq
Azərbaycan VI Dünya Köçəri Oyunlarında 17 nəfərlik nümayəndə heyəti ilə təmsil olunacaq. Heyətə 10 idmançı, 6 məşqçi və 1 nümayəndə daxildir.
Ölkəmizi 10 idmançı 9 idman növündə – alış, qırğız kuroş, quştinqiri, güləş, pəhləvan güləşi, qazax kuresi, qoreş, mas-restlinq və manqala üzrə təmsil edəcək.
İdmançılarımızın bu yarışda iştirakı həm ölkənin milli idman ənənələrinin beynəlxalq səviyyədə nümayiş etdirilməsi, həm də müxtəlif xalqların ənənəvi idman növləri ilə təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətlidir.
Xüsusilə güləş və milli döyüş növləri Azərbaycan idman mədəniyyətində qədim tarixə malikdir. Pəhləvanlıq ənənələri, milli güləş növləri və müxtəlif güc yarışları xalqımızın tarixən formalaşmış idman mədəniyyətinin mühüm hissəsini təşkil edir. Bu baxımdan Azərbaycanın Köçəri Oyunlarında təmsil olunması ölkəmizin milli idman irsinin beynəlxalq aləmdə tanıdılması üçün də mühüm imkan yaradır.
Azərbaycan beynəlxalq idman arenasında mövqeyini möhkəmləndirir
Azərbaycan son illərdə beynəlxalq idman yarışlarında qazandığı nəticələrlə dünyanın aparıcı idman ölkələri sırasında öz mövqeyini daha da möhkəmləndirib.
Bunun ən son nümunələrindən biri Paris-2024 Yay Olimpiya Oyunlarıdır. Azərbaycan millisi Fransanın paytaxtında keçirilən Olimpiadada 2 qızıl, 2 gümüş və 3 bürünc olmaqla, ümumilikdə, 7 medal qazanıb. Komandamız 204 ölkənin iştirak etdiyi yarışda medal əyarına görə 30-cu yeri tutaraq Olimpiya tariximiz üçün rekord nəticəyə imza atıb.
Paris Olimpiadasında cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev Azərbaycan bayrağını fəxri kürsünün ən yüksək pilləsinə qaldırıblar. Taekvondoçu Qaşim Maqomedov və boksçu Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov, sərbəst güləşçilər Maqomedxan Maqomedov və Giorgi Meşvildişvili isə bürünc medal qazanıblar.
Azərbaycan idmanının uğurları yalnız Olimpiya Oyunları ilə məhdudlaşmır. 2024-cü ildə ölkə idmançıları dünya və Avropa çempionatlarında, kubok yarışlarında və digər beynəlxalq turnirlərdə, ümumilikdə, 1718 medal əldə ediblər. Bu göstərici Azərbaycan idmanı tarixində rekord nəticə kimi qeydə alınıb. Medalların 666-sı qızıl, 465-i gümüş, 587-si isə bürünc olub.
Azərbaycanın paralimpiyaçılarının nəticələri də ölkənin beynəlxalq idman nüfuzunun mühüm göstəricilərindəndir. Paris-2024 Yay Paralimpiya Oyunlarında Azərbaycan komandası 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla 11 medal qazanıb.
Onu da qeyd edək ki, Azərbaycan idmançıları bu günədək keçirilmiş bütün Dünya Köçəri Oyunlarında iştirak ediblər. I Dünya Köçəri Oyunları 2014-cü ildə Çolpon-Atada (Qırğızıstan), II Oyunlar 2016-cı ildə Çolpon-Atada (Qırğızıstan), III Oyunlar 2018-ci ildə Çolpon-Atada (Qırğızıstan), IV Oyunlar 2022-ci ildə İznikdə (Türkiyə), V Oyunlar isə 2024-cü ildə Astanada (Qazaxıstan) keçirilib.
Bu nəticələr ölkədə idmanın inkişafı, idmançıların beynəlxalq yarışlara hazırlığı və müxtəlif idman növlərinin geniş şəkildə dəstəklənməsi istiqamətində həyata keçirilən siyasətin nəticələrinin beynəlxalq arenada özünü göstərdiyini təsdiqləyir.
Köçəri Oyunları Türk dünyasının ortaq irsini bir araya gətirir
VI Dünya Köçəri Oyunlarının Qırğızıstanda keçirilməsi Türk dünyası üçün də xüsusi məna daşıyır. Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkiyə və digər türk dövlətləri arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi xalqlarımızın tarixi və mədəni yaxınlığının daha da möhkəmləndirilməsinə xidmət edir.
Türk dünyasında milli idman növlərinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində əməkdaşlıq son illərdə daha da intensivləşib. Türk Dövlətləri Təşkilatı çərçivəsində gənclər və idman sahəsində birgə layihələrin və tədbirlərin həyata keçirilməsi bu əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Təşkilat da Türk dünyasında gənclər və idman sahəsində əməkdaşlığın konkret layihələrlə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayır.
Dünya Köçəri Oyunlarının proqramında Azərbaycan güləşi, qazax kuresi, qırğız kuroşu, özbək kurəşi kimi müxtəlif xalqların milli güləş növlərinin yer alması Türk dünyasının ortaq idman-mədəni irsinin nə qədər zəngin olduğunu göstərir.
Bu baxımdan Azərbaycanın VI Dünya Köçəri Oyunlarında iştirakı təkcə idman nəticəsi əldə etmək məqsədi daşımır. Azərbaycanlı idmançıların yarışlarda iştirakı ölkəmizin milli idman ənənələrinin təbliği, Türk dünyasının digər nümayəndələri ilə əlaqələrin genişləndirilməsi və Azərbaycan idmanının beynəlxalq nüfuzunun daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın beynəlxalq yarışlarda qazandığı uğurlar, xüsusilə güləş, cüdo, boks, taekvondo və digər döyüş idman növlərində əldə olunan nəticələr ölkəmizin bu istiqamətdə böyük potensiala malik olduğunu göstərir.
Qırğızıstanda keçiriləcək mötəbər yarış Azərbaycan idmançılarının öz bacarıqlarını nümayiş etdirməsi ilə yanaşı, ölkəmizin qədim milli idman ənənələrinin beynəlxalq auditoriyaya çatdırılması üçün yeni imkanlar açacaq. Eyni zamanda, Oyunlar Azərbaycan ilə Türk dünyasının digər dövlətləri arasında idman, mədəniyyət və humanitar əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək.
Beləliklə, VI Dünya Köçəri Oyunları həm idman mübarizəsi, həm də ortaq tarixi-mədəni dəyərlərin nümayişi baxımından mühüm beynəlxalq hadisə kimi diqqət çəkir. Azərbaycanın 17 nəfərlik nümayəndə heyəti ilə bu tədbirdə iştirakı isə ölkəmizin beynəlxalq idman ailəsində fəal mövqeyinin və Türk dünyası ilə çoxşaxəli əməkdaşlığa verdiyi önəmin daha bir göstəricisidir.
