Messi millidəki karyerasını başa vurdu

31 Avqust 2026 19:59
131
Messi millidəki karyerasını başa vurdu

Argentina millisinin kapitanı, 39 yaşlı futbolçu Lionel Messi yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.

İdman.Biz bildirir ki, 39 yaşlı hücumçu sosial şəbəkə hesabında bununla bağlı vida müraciəti yayımlayıb.

“Uzun düşüncələrdən sonra hər kəsə milli komandada karyeramı başa vurduğumu elan etmək istəyirəm. Bu, ağrılı və hələ də ağrı verən qərardır. Lakin indi bunun üçün ən uyğun vaxt olduğunu başa düşürəm.

Artıq çox az vaxt qalıb, bəzi fəsillər bağlanır və bu fəsil mənə dərin ağrı verir. Mən milli komandada olmağı sevirdim, sevirəm və həmişə sevəcəyəm. Bütün gücümü verdim, artıq verəcək heç nəyim qalmayıb. Bundan əlavə, arxamca milli komandada yer almağa layiq çox istedadlı gənc futbolçular gəlir. Bu 20 il ərzində göstərdiyiniz bütün sevgiyə görə təşəkkür edirəm”, - Messi yazıb.

Argentina millisinin sabiq kapitanı qərarı ilə bağlı sözləri ilk dəfə iyulun 21-də, finaldan iki gün sonra yazdığını, lakin ailəsində baş verən sonrakı hadisələrin onu bu qərarda qəti əmin etdiyini bildirib.

“İndi mən sizinlə birlikdə olacağam, kənardan həmişə dəstək verəcəyəm və yaxşı, pis günlərdə sizə azarkeşlik edəcəyəm. Sizə və komanda yoldaşlarıma nağıla bənzər anlar yaşatdığıma görə rahatlıq və qürur hissi ilə ayrılıram. Bunu hamınızla birlikdə yaşamaq inanılmaz idi”, - futbolçu əlavə edib.

Qeyd edək ki, Messi Argentina millisinin əsas komandasında 2005-ci ildən çıxış edib. O, milli ilə 2022-ci ildə dünya çempionu olub, 2021 və 2024-cü illərdə Amerika Kubokunu qazanıb. Həmçinin 2022-ci ildə Finalissimada qalib gəlib. Messi 2008-ci ildə Pekin Olimpiadasında Argentina ilə qızıl medal əldə edib.

İdman.Biz