İspaniyanın “Barselona” futbol komandasının hücumçusu Rafinya La Liqada “Elçe”yə qarşı vurduğu qoldan sonra etdiyi sevinc hərəkəti ilə diqqət çəkib.
İdman.Biz xəbər verir ki, braziliyalı futbolçu 15-ci dəqiqədə penaltini dəqiq yerinə yetirdikdən sonra “Hörümçək adam” obrazını xatırladan jest edib. Bu hərəkət sosial şəbəkələrdə dərhal “Atletiko”nun hücumçusu Xulian Alvareslə əlaqələndirilib. Argentinalı futbolçunun ləqəbi “La Araña”, yəni “Hörümçək”dir.


Lakin matçdan sonra bu ehtimalların doğru olmadığı məlum olub. Rafinya sevinc hərəkətinin Xulian Alvaresə və ya mümkün transferə aid olmadığını açıqlayıb. Futbolçu jesti “Hörümçək adam”ı sevən oğlunun xahişi ilə etdiyini bildirib.
Rafinya “Elçe” ilə görüşdə iki qol vurub. “Barselona” səfər qarşılaşmasında rəqibini 5:0 hesabı ilə məğlub edib.
