Portuqaliyalı futbolçu Kriştianu Ronaldunun həyat yoldaşı Corcina Rodriges onun üç böyük övladını rəsmən övladlığa götürüb.
İdman.Biz xəbər verir ki, MARCA USA Rodrigesin Kriştianu Ronaldu Jr., Eva Mariya və Mateonun hüquqi anası olduğunu yazıb. Məlumata görə, bununla bağlı müvafiq qeydiyyatda da dəyişiklik edilib.
Bu addım Kriştianu Ronaldu və Corcina Rodrigesin nikahından bir neçə gün sonra atılıb. Cütlük avqustun 11-də Portuqaliyanın Kaşkays şəhərindəki evlərində keçirilən qapalı mülki mərasimdə ailə qurub. Toyda onların beş övladı da iştirak edib. Nikah faktı Ronaldunun nümayəndələri tərəfindən də təsdiqlənib.

16 yaşlı Kriştianu Ronaldu Jr. 2010-cu ildə dünyaya gəlib və onun anasının kimliyi ictimaiyyətə açıqlanmayıb. Eva Mariya və Mateo isə 2017-ci ildə surroqat ana vasitəsilə dünyaya gəliblər. Rodriges uzun illərdir hər üç uşağın böyüməsində iştirak edib.
Corcina Rodriges və Kriştianu Ronaldunun Alana Martina və Bella Esmeralda adlı iki qızı da var. Cütlük 2022-ci ildə Bellanın əkiz qardaşı Anxelin doğuş zamanı həyatını itirdiyini açıqlayıb.
Qeyd edək ki, övladlığa götürmə barədə məlumat mediada yayılsa da, məsələ ilə bağlı ailə tərəfindən ayrıca rəsmi açıqlama verilməyib.

