Türkiyənin “Trabzonspor” futbol komandası Superliqanın ikinci turunda öz meydanında “Başakşehir”i 2:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, “Papara Park”da keçirilən görüşdə meydan sahiblərinin hər iki qolunu Muhammed Salah vurub.
Hesab səkkizinci dəqiqədə açılıb. Aral Şimşirin ötürməsindən sonra Salah topu qapıya göndərib. Əvvəlcə hakim künc zərbəsi təyin etsə də, VAR yoxlamasından sonra topun qapı xəttini keçdiyi müəyyənləşdirilib və qol qeydə alınıb. Bu, misirli futbolçunun “Trabzonspor”un heyətində ilk qolu olub.
“Başakşehir” 19-cu dəqiqədə Eldor Şomurodovun penaltidən vurduğu qolla hesabı bərabərləşdirib. İkinci hissədə isə Salah yenidən fərqlənərək dublunu rəsmiləşdirib və “Trabzonspor”a mövsümdə ilk qələbəsini qazandırıb.
Bu nəticədən sonra “Trabzonspor” xalını dördə çatdırıb. “Başakşehir” isə üç xalda qalıb.
Turun digər oyununda “Qaziantep” səfərdə “Eyüpspor”u 1:0 hesabı ilə məğlub edib. Görüşün yeganə qolunu 60-cı dəqiqədə Deyan Soresku vurub. Qonaqlar iki dəqiqə sonra Cuninyu Bakunanın qırmızı vərəqə alması ilə azlıqda qalsalar da, üstünlüklərini sona qədər qoruyublar.
“Qaziantep” bu qələbədən sonra dörd xala yüksəlib. “Eyüpspor” isə ilk iki turdan sonra xal qazana bilməyib.
