“Barselona” yetirməsini şərt qoyub “Ayaks”a satdı

19 Avqust 2026 05:32
88
“Barselona” yetirməsini şərt qoyub “Ayaks”a satdı

İspaniyanın “Barselona” futbol akademiyasının yetirməsi Jofre Torrents karyerasını Niderlandın “Ayaks” klubunda davam etdirəcək.

İdman.Biz xəbər verir ki, Amsterdam təmsilçisi 19 yaşlı sol cinah müdafiəçisi ilə 2030-cu il iyunun 30-dək müqavilə imzalayıb.

“Diario SPORT”un məlumatına görə, “Barselona” razılaşmaya Torrentsi 14 milyon avroya (27,54 milyon AZN) geri almaq hüququ daxil edib. Kataloniya klubu bu hüquqdan yalnız 2028-ci ildən etibarən istifadə edə biləcək.

Transfer paketinin bonuslar daxil olmaqla 5,5 milyon avroya (10,82 milyon AZN) çatacağı bildirilir. “Barselona” eyni zamanda futbolçunun iqtisadi hüquqlarının 50 faizini özündə saxlayıb və “Ayaks”ın gələcəkdə Torrents üçün alacağı təkliflərdə ilk seçim hüququna sahib olacaq.

Torrents “Barselona” akademiyasında yeddi il keçirib. Sol cinah müdafiəçisi əsas komandada Alexandro Balde və Joao Kanselo ilə rəqabət səbəbindən daha çox oyun vaxtı qazanmaq üçün klubdan ayrılmağa qərar verib.

İdman.Biz