“Əl-Nəsr”dən daha bir portuqaliyalı transferi

10 Avqust 2026 10:25
167
“Əl-Nəsr”dən daha bir portuqaliyalı transferi

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr” heyətini daha bir portuqaliyalı futbolçu ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Samu Kosta İspaniyanın “Malyorka” klubundan Səudiyyə Ərəbistanı çempionuna keçib. Transfer hər iki klub tərəfindən təsdiqlənib.

Samu Kosta 2023-cü ildən “Malyorka”nın formasını geyinirdi. O, 2025/26 mövsümündə bütün turnirlərdə 36 oyuna çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə edib. La Liqada isə 34 matçda 7 qolla yadda qalıb.

Portuqaliya millisinin də üzvü olan Kosta 2026-cı il dünya çempionatında iştirak edib. O, mundialda Kolumbiya ilə qrup mərhələsinin III tur qarşılaşmasında meydana çıxıb.

Bununla da Samu Kosta “Əl-Nəsr”də Kriştiano Ronaldo və Joao Feliksdən sonra üçüncü portuqaliyalı futbolçu olub.

Kosta “Əl-Nəsr”də əsas heyətdə müdafiəyönümlü yarımmüdafiəçi mövqeyində çıxış edəcək. İspaniya mətbuatının məlumatına görə, transferin dəyəri təxminən 22 milyon avro təşkil edib.

Qeyd edək ki, 25 yaşlı futbolçu peşəkar karyerasına Portuqaliyanın “Braqa” klubunda başlayıb. Daha sonra “Almeriya”da çıxış edən Kosta 2023-cü ildə “Malyorka”ya transfer olunub.

İdman.Biz