Vladimir Ponomaryov: “Futbolçular ərköyünləşib, baxmaq iyrəncdir”

27 İyul 2026 14:44
97
Vladimir Ponomaryov: “Futbolçular ərköyünləşib, baxmaq iyrəncdir”

SSRİ millisinin və MOİK-in sabiq müdafiəçisi Vladimir Ponomaryov müasir dövrdə futbolçuların meydandakı davranışlarını tənqid edib.

İdman.Biz “Sovetski Sport” nəşrinə istinadən xəbər verir ki, Ponomaryov əvvəlki dövrlərdə futbolçuların daha ağır şəraitlərdə oynadıqlarını və indiki oyunçuların tez-tez fasilə və tibbi yardım tələb etməsini anlamadığını bildirib:

“Əvvəllər istidə oynayırdıq - heç nə olmurdu. Daşkənddə oyunlar saat 14:00-a təyin edilirdi, temperatur isə +40 dərəcə olurdu. Heç bir su fasiləsi yox idi. Heç kim huşunu itirmirdi, hər şey normal idi. İndi isə futbolçulara hər 20 dəqiqədən bir su fasiləsi lazımdır. Yorulurlar, su içmək istəyirlər - baxmaq iyrəncdir! Futbolçular ərköyünləşib”.

Sabiq müdafiəçi həmçinin indiki futbolçuların meydanda tez-tez yerə yıxılmasını və hakimdən qərar tələb etməsini də tənqid edib:

“İndi müasir oyunçulara baxmaq gülməlidir. Daim meydanda uzanırlar, nəsə qışqırırlar. Əvvəllər belə şeylər yox idi, baxmayaraq ki, sərt oynayan futbolçular kifayət qədər idi. İndi bir az toxunan kimi yıxılır, qışqırmağa başlayırlar. Futbol çox xoşagəlməz hala gəlib”.

Qeyd edək ki, ABŞ, Meksika və Kanadada keçirilən son dünya çempionatının oyunlarında hər iki hissədə 3 dəqiqəlik su fasiləsi tətbiq olunmağa başlanıb.

İdman.Biz