Ukrayna Futbol Assosiasiyasının (UAF) sabiq prezidenti Andrey Pavelko Bratislavada saxlanılıb.
İdman.Biz xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru Ruslan Kravçenko “Telegram” kanalında məlumat yayıb. O bildirib ki, Ukrayna Baş Prokurorluğu Pavelkonun ekstradisiyası proseduruna başlayıb.
“Bu şəxs illərlə Ukrayna ədalət mühakiməsindən gizlənirdi. Baş Prokurorluq artıq ekstradisiya proseduruna başlayıb. Mən Slovakiyanın səlahiyyətli orqanlarına həmin şəxsin təhvil verilməsi ilə bağlı müraciət ediləcəyi və onun barəsində müvəqqəti həbs qətimkan tədbirinin tətbiq olunması barədə məktub göndərmişəm”, - deyə Kravçenko yazıb.
İstintaqın məlumatına görə, Pavelko UAF-ın böyük məbləğdə vəsaitinin nəzarətində olan kommersiya strukturları vasitəsilə mənimsənilməsi sxemini təşkil edib. Bunun üçün dəniz məhsulları, elit çay və qəhvə növləri, elektrik avadanlıqlarının tədarükü ilə bağlı saxta müqavilələr bağlanıb. Həmin müqavilələr yalnız kağız üzərində mövcud olub, vəsaitlər mənimsənilib, nəticədə UAF və onun regional mərkəzlərinə milyonlarla zərər dəyib.
Pavelko 2015-ci ilin martından 2024-cü ilin yanvarınadək UAF-a rəhbərlik edib. O, 2022-ci ilin noyabrından futbol meydançaları üçün süni örtük istehsalı zavodunun tikintisi zamanı vəsaitlərin mənimsənilməsi ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxsdir.
Pavelko 2023-cü ilin iyunundan 2024-cü ilin fevralınadək həbsdə olub. Daha sonra istintaq təcridxanasından azad edilərək Ukraynanı tərk edib. Ukrayna Daxili İşlər Nazirliyi onu 2025-ci ilin dekabrında axtarışa verib.
