Turinin “Yuventus” futbol klubu “Aston Villa”nın qapıçısı Emiliano Martinesin transferinin çətinləşməsi səbəbindən alternativ variantlara baxmağa başlayıb.
İdman.Biz italiyalı futbol meneceri Canluka Di Marzioya istinadən xəbər verir ki, Turin klubu hazırda “Parma”nın qapıçısı Zion Suzukini əsas namizədlərdən biri kimi nəzərdən keçirir.
“Yuventus” argentinalı qolkiperə konkret maraq göstərsə də, “Aston Villa” klubun 6-7 milyon avroluq təklifini qəbul etmir. Martinesin də keçidə müsbət yanaşmasına baxmayaraq, danışıqlar hələlik irəliləmir.
Bu səbəbdən Turin təmsilçisi diqqətini Suzuki üzərinə yönəldib. Yaponiya millisinin qapıçısına İngiltərə Premyer Liqasından da təkliflərin olduğu bildirilir.
Bununla yanaşı, “Yuventus” “Tottenhem”in qapıçısı Qulyelmo Vikarionu da mümkün transfer variantı kimi dəyərləndirir.
İtaliya klubu qapıçı mövqeyini gücləndirmək üçün hər iki istiqamətdə əlaqələri davam etdirir.
