Madrid “Real”ının və Braziliya millisinin futbolçusu Endrik (Endrik Felipe Moreyra de Sousa) həyat yoldaşı, bloqer Qabrieli Miranda ilə birlikdə ilk övladlarının adını açıqlayıb.
İdman.Biz xəbər verir ki, cütlük sosial şəbəkə hesablarında yaydığı görüntülərdə oğullarına Kendrik (Kendrick) adını verəcəklərini bildirib.
San-Paulu şəhərində körpələrinin dünyaya gəlməsi münasibətilə keçirdikləri tədbirdə cütlüyün təxminən 120 qohum və dostu iştirak edib. Qonaqların diqqətini körpənin adının yazıldığı dekorativ lövhə çəkib və bu detal qısa müddətdə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
İstifadəçilərin bir qismi bu seçimin məşhur amerikalı reper Kendrik Lamarla əlaqəli ola biləcəyini ehtimal edib. Bəzi azarkeşlər adı orijinal seçim kimi qiymətləndirib, digərləri isə zarafatla uşağın “artıq səhnə adı ilə doğulacağını” yazıblar.
Endrik və Qabrieli isə oğullarına niyə məhz bu adı seçdiklərini açıqlamayıblar.
Qeyd edək ki, Qabrieli Mirandanın hamilə olduğu bu ilin aprelində məlum olub. Cütlük daha sonra keçirilən cinsiyyət açıqlama mərasimində oğlan övladlarının olacağını öyrənib və indi körpənin adını da rəsmən təsdiqləyib.
