Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) üzvləri paraqvaylı senator Seleste Amarilyanın Fransa milli komandasının kapitanı Kilian Mbappeyə qarşı etdiyi təhqiramiz ifadələri açıq şəkildə qınayıblar.
İdman.Biz bildirir ki, təşkilat bununla bağlı bəyanat da verib.
"Paraqvaylı senator Seleste Amarilyanın fransız futbolçusu Kilian Mbappeyə qarşı etdiyi irqçi və qeyri-insani ifadələr ən sərt şəkildə qınanmağa layiqdir və təəssüf ki, bu, təcrid olunmuş bir hadisə deyil. 2026-cı il dünya çempionatı zamanı irqçi hadisələrlə bağlı məlumatlar futbolda və ümumiyyətlə idmanda daha geniş bir problemi əks etdirir.
Dövlət məmurlarının ictimai açıqlamalarında irqçilik, ayrı-seçkilik və nifrət çıxışlarına qarşı mübarizə aparmaq üçün daha yüksək məsuliyyəti var.
Dövlətlər və idman təşkilatları irqçiliyin və digər ayrı-seçkilik formalarının hər hansı bir təzahürünün qarşısını fəal şəkildə almalıdırlar. Onlar həmçinin müstəqil və effektiv hesabatlılıq mexanizmlərinin mövcudluğunu təmin etməyə borcludurlar.
Sosial media şirkətləri də beynəlxalq insan hüquqları standartlarına uyğun olaraq platformalarında irqi ayrı-seçkiliyin və ksenofobik davranışın qarşısını almaq və onlarla mübarizə aparmaq məsuliyyətinə malikdirlər", - təşkilatın bəyanatında bildirilib.
Xatırladaq ki, Amarilya daha əvvəl Fransa millisinin hücumçusu Kilian Mbappeni 2026-cı il dünya çrmpionatının 1/8 final mərhələsindəki oyunundan sonra Paraqvay millisinin qapıçısı Orlando Hil ilə əl sıxmadığına görə təhqiramiz şəkildə tənqid etmişdi. Senator həmçinin oyunçunu həbslə hədələyib.
